COP29-a qədər sülh müqaviləsinin imzalanması GÖZLƏNİLİR: “Bu halda Paşinyan və digər rəsmilər də…”- Millət vəkilibackend

COP29-a qədər sülh müqaviləsinin imzalanması GÖZLƏNİLİR: “Bu halda Paşinyan və digər rəsmilər də…”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“4 kəndin ölkəmizə geri qaytarılması prosesi artıq yekunlaşıb və Azərbaycan sərhədçilərinin delimitasiya, demarkasiya işləri yekunlaşmış Qazaxın 4 kəndinin sərhədlərində xidməti başlayıb. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti öz məntiqi nəticəsini hər zamankı kimi göstərməyə davam edir. Bu gün biz dünyaya sülhün əldə olunmasının yeni modellərini təqdim edirik. Bu məsələ yalnız sözdə deyil, həm də real nəticələri ilə özünü göstərir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiya və demarkasiya prosesi bu sürətlə davam edərsə, Ermənistan tərəfi götürdüyü bütün öhdəlikləri yerinə yetirərsə, 2024-cü ilə iki ölkə arasında sülh müqaviləsinin imzalanması gözlənilir:

“Artıq hər iki tərəfin də açıqlamalarından belə məlum olur ki, sülh müqaviləsinin mətni üzərində mütəmadi şəkildə dəqiqləşdirmə işləri gedir və xüsusilə də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşündən sonra belə bir qənaətə gəlmək olar ki, proses daha da sürətlənib. Sözsüz ki, delimitasiya və demarkasiya prosesi ilə yanaşı, Zəngəzur dəhlizinin açılması məsələsi də öz həllini tapmalıdır. Ən azından bu yolun inşası prosesi Ermənistanda başlamalıdır ki, rəsmi Bakı əmin olsun ki, həqiqətən də sülh anlaşmasının imzalanma prosesindən sonra qarşı tərəf hər hansı bir təxribat xarakterli addımlar atmayacaq. Azərbaycan tərəfi çox fərqli bir təşəbbüslə çıxış edib. Rəsmi Bakı COP29-un keçiriləcəyi ərəfədə dünyada savaşların dayandırılmasının tərəfdarıdır. Ümid edək ki, bu baş tutacaq və dünya dövlətləri Azərbaycanın bu çağırışına cavab verəcək. Faktiki olaraq məlumdur ki, müharibələr, toqquşmalar ətraf mühitin çirklənməsinə ən çox səbəb olan amillərdən biridir”.

N. Həmzəyev onu da qeyd edib ki, COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh anlaşması imzalanacağı gözlənilir:

“Bakı ilə İrəvan arasında münasibətlər normallaşmağa doğru gedərsə, hətta Ermənistan baş naziri Nikol Paşinyan və digər ölkə rəsmilərinin də Azərbaycanda keçiriləcək bu mötəbər tədbirə qatılma ehtimalı da var. Xarici ekspertlər də bu fikri dəstəkləyirlər. Proseslər müsbətə doğru irəliləyir, tezliklə Azərbaycanın digər işğal altında olan kəndləri də geri qaytarılacaq. Yenidən iki ölkə arasında toqquşma və qarşıdurmalar gözlənilmir. Çünki Azərbaycan sülh üçün əlindən gələni edir, Ermənistanda da bu məsələdə səmimi olsa, proseslərə yeni töhfələr versə, sülh çox yaxındır”.

//Gülnarə Abasova, Editor.az