“Ermənistanın COP29-da iştirak etməməsi, bu ölkənin siyasi hakimiyyətinin buraxdığı növbəti səhvdir. Normal məntiqlə COP-un yaratdığı münbit şəraitdən istifadə edərək, iki ölkə arasında sülhün əldə olunmasını yaxınlaşdıra bilərdi. Bunun əsas səbəbi Ermənistanın xarici təsirlərdən asılılığı, müstəqil siyasət aparan dövlət olmamasıdır”.
Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, Ermənistan böyük bacısı Fransanın tapşırığını icra edir:
“Yoxsa, necə ola bilər ki, COP29-un Bakıda keçirilməsinə səs verəsən, amma iştirak etməyəsən? Eləcə də Fransa. Səs verib, iştirak etmir. COP29 BMT-in tədbiridir. Azərbaycan burada platforma təqdim və təşkilatçı rolunda çıxış edir. Göründüyü kimi, təşkilatçılığın ən yüksək standartlara cavab verməsi, əldə olunan razılaşmalar, bütün iştirakçılar tərəfindən qeyd olunur. COP29 Sammitini siyasiləşdirmək lazım deyil. Bəşəriyyətin qarşısında duran ən vacib problemlərin həllindən söhbət gedir. Burada selektiv yanaşma yox, beynəlxalq həmrəylik olmalıdır.
Digər bir səbəb isə Ermənistan liderlərinin şəxsi keyfiyyətləri ilə bağlıdır. Paşinyan və onun komanda üzvlərinin tez-tez fikirlərini dəyişməsi adi hala çevrilib. Hətta rəsmi imzalarını belə, inkar etmələri heç kimə sirr deyil. Sülh prosesində ümidverici məqamların olduğunu bəyan edən Paşinyana nə mane olur ki, müqaviləni imzalamır. Prezident İlham Əliyev erməni xislətini nəzərə alaraq, sülh müqaviləsinin imzalanması üçün konstitusiya dəyişikliklərini tələb edir. Son dərəcə haqqlı və ədalətli yanaşmadır. Biz tarixdən düzgün nəticə çıxarmalı, problemi yarımçıq həll etməklə, gələcək nəsillərə ötürməməliyik.
Ermənistanın fikrinə gəldikdə, bəzi üçüncü dövlətlərin təhriki ilə, sadəcə vaxt uzadır. Yanlış yanaşmadır. Ziyanını erməni xalqı çəkəcək. Ermənilər anlamalıdırlar ki, sülhə alternativ yoxdur və Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmadan regionda sülh olmayacaq. Düşünürəm ki, yaxın zamanlarda ermənilər bunu başa düşəcəklər”.
//Gülnarə Abasova, Editor.az