“COP29-da yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır”backend

“COP29-da yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz: BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müyəssərlik şöbəsinin müdiri Kamal Məmmədovdur.

K.Məmmədov Trend-ə müsahibəsində bildirib ki, COP29-da sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır.

“COP29-da sağlamlıq imkanları məhdud şəxslərin bərabər hüquqlu iştirakı üçün bütün şərait yaradılıb. Buraya görmə, eşitmə zəifliyi olanlar, autizm, dayaq-hərəkət sistemi problemləri yaşayanlar və əlil arabasından istifadə edənlər kimi bütün əlillik kateqoriyaları daxildir. Bakı Olimpiya Stadionunun ətrafında yaradılmış 50 pavilyonlu geniş ərazidə onlar sərbəst hərəkət edə və fəaliyyətlərini həyata keçirə bilərlər, onlar üçün müvafiq xüsusi xidmətlər yaradılıb. Təxminən 7 minə yaxın xidmət və şirkət işçisi bizim təlimlərimizə cəlb olunub. Onların arasında könüllülər, sürücülər, hava limanı və yerüstü xidmət işçiləri, servis və təhlükəsizlik xidmətləri, qidalanmadan ünsiyyətə qədər olan xidmətlər, metro, avtobuslar və taksi ilə ictimai nəqliyyatla hərəkət daxildir. Əsas məqsəd tam maneəsiz mühit yaratmaq idi – və bu, tam həcmdə həyata keçirilib”, – o bildirib.

Komanda ilə əvvəlki COP-ların təcrübəsi araşdırılıb, əlilliyi olan iştirakçıların şərhləri analiz edilib və əlçatanlığı təmin etmək üçün unikal və innovativ həllərin yaradılması istiqamətində müvafiq nəticələr çıxarılıb.

“COP29 rəhbərliyinin sağlamlıq imkanları məhdud şəxslərin problemlərinə xüsusi diqqətini vurğulamaq lazımdır. Tikinti və hazırlıq işlərinin ilk günlərindən etibarən komandamızla birlikdə prosesdə birbaşa iştirak etdik, hərəkət xəritəsi əsasında məsləhətlər verdik, hansı ki, ən yüksək səviyyədə dərhal həyata keçirildi. Xüsusilə, indiyədək COP tədbirlərində surdötərcümə istifadə edilməmişdi, amma bizdə ilk dəfə olaraq tətbiq edilib. Tədbirin açılışı zamanı surdötərcümə eşitmə qüsurlu beynəlxalq mütəxəssislər tərəfindən həyata keçirildi. Onlara mətn ingilis dilində noutbukdan oxunurdu, operativ şəkildə göndərilən mətnə əsasən tərcümə edilirdi. Bütün zallarda eşitmə qüsurlu insanlar üçün induksiya sistemi yaradıldığını xüsusi qeyd etmək istəyirəm. Görmə qüsurlu insanlar üçün İnfo masalarımızda xüsusi bukletlər, azərbaycan və ingilis dillərində Brayl əlifbası ilə hazırlanan xüsusi ərazi taktil xəritələr təqdim edilir. Həmçinin əlil arabaları üçün texniki xidmət də mövcuddur. 20 mexaniki və 10 motorlu olmaqla ehtiyatda otuz əlil arabası, habelə ətraf ərazilərdə hərəkət üçün qolf maşınları var. Qürurla qeyd edirəm ki, bu sistemin yaradılmasında sağlamlıq imkanları məhdud şəxslərimiz iştirak edib. Xüsusilə, görmə məhdudiyyətli insanlar Brayl əlifbasını hazırlayıb, amputantlar isə arabaları təmir edir. Könüllülər arasında da əlilliyi olan, autizmdən və eşitmə, görmə pozğunluğundan əziyyət çəkən şəxslər var. Bütün sahələrdə inklüzivlik var!”, – şöbə müdiri bildirib.

Onun sözlərinə görə, o, şəxsən “BakuBus” avtobuslarında pandusların istifadəsini və sürücülərin fiziki məhdudiyyətli şəxslərlə necə ünsiyyət qurduğunu yoxlayıb.

“Komandamız rəng korluğu olan insanlar üçün panellərin dizaynı və rəng seçiminə də cəlb edilib. Döşəmə örtüyü olan xalçanın sıxlığından tutmuş, yaşlılar, əlil arabasındakılar və ya yüksək daban ayaqqabı geyinən qadınların rahat hərəkət etməsinə qədər hər detal nəzərə alınıb. Təklifimiz əsasında görmə məhdudiyyətli insanların fərqinə vara bilməsi üçün qapı çərçivələrində kontrastlı rənglər, sarı stikerlər (şüşə qapılarda daxil olmaqla) yaradılıb. Pilləkən meydançalarının astanalarında panduslar quraşdırılıb. Üç metrdən yüksək olan bütün qeydiyyat bölmələrində əlil arabaları üçün uyğun hündürlükdə bir hissə ayrılıb. Tədbirlərin keçiriləcəyi bütün zallarda əlillər üçün xüsusi yerlər ayrılıb. Bundan əlavə, təcili təxliyə zamanı əlillərə xüsusi xidmət göstərən xidmət var. Gizli əlilliyi və ya autizmi olan şəxslər üçün beynəlxalq rəmz olan günəbaxan işarəli lentlər də istifadə edilir. Stress keçirmiş şəxslər üçün xüsusi təchiz edilmiş “sükut otağı”nı da xüsusi qeyd etmək istəyirəm”, – deyə Kamal Məmmədov əlavə edib.

Onun sözlərinə görə, 100 faizlik müyəssərlik COP29 rəhbərliyi başda olmaqla, bütün fəaliyyət göstərən xidmətlərin yüksək peşəkarlığı, diqqətliliyi və əlaqəliliyi sayəsində yaradılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.