COP29-dək sülh sənədi imzalana bilərmi – mühüm gedişatbackend

COP29-dək sülh sənədi imzalana bilərmi – mühüm gedişat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəhbərliyinin “nala-mıxa vurma siyasəti” davam edir; Alen Simonyanın Cenevrədəki sülh bəyanatına İrəvandan təkzib gəldi; Ağ Ev sözçüsündən maraqlı açıqlama

STM-in icraçı direktoru: “Bir dövlətin digər dövlətə qarşı ərazi iddiası varsa və bunu öz ali qanununda əks etdiribsə, o zaman bu dövlətlər arasında imzalanacaq sənədin adı sülh müqaviləsi olmamalıdır”

COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanması ilə bağlı xəbərlər, açıqlamalar intensivləşib. Qeyd edək ki, Azərbaycan COP29-da iştirak üçün Ermənistanın baş naziri Nikol Paşinyana da məktub göndərib.

Təhlilçilər bildirir ki, Paşinyan sülhlə bağlı ən azı çərçivə sazişi imzalandıqdan sonra Bakıya gələ bilər, yaxud da o sənəd elə Bakıda COP29 çərçivəsində imzalanacaq. COP29-a cəmi 20 gün qalmış Ermənistan parlamentinin spikeri bildirib ki, Ermənistan və Azərbaycan razılıq əldə etmək ərəfəsindədir. Spiker Alen Simonyan Cenevrədə, Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib ki, Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib. Sitat: “Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik. Xanımlar və cənablar, yaxşılar artıq yaxşıların düşməni olmamalıdır. Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır”.

Göründüyü kimi, A.Simonyan özünü “mələk” libasında təqdim edərək, Azərbaycanı yaranmış fürsəti reallığa çevirməyə çağırıb. Ermənistan hakimiyyəti əvvəllər də Azərbaycana sülh müqaviləsi layihəsinin razılaşdırılmış 16 bəndindən 13-nü imzalamağı, sonra isə qalan üç bənd üzrə razılığa gəlməyi təklif edib. Rəsmi Bakı isə öz şərtlərini dəfələrlə bəyan edib. Azərbaycan tərəfi bildirib ki, Ermənistanın konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalı, yalnız ondan sonra sülh müqaviləsi imzalanmalıdır. Yəni hansısa kortəbii sənəd yox, gələcəkdə mübahisə doğurmayacaq sənəd imzalanmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bir daha rəsmi Bakının prinsipial mövqeyini bəyan edib. Prezident qeyd edib ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Bu, o zamankı ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk Qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər. Prezident İlham Əliyev bildirib ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz.

Bütün bunlardan sonra erməni spikerin sülh müqaviləsi “anonsu” verməsi nonsesdir və sadəcə ictimai rəyi aldatmağa hesablanıb. A.Simonyan nədənsə unudub ki, onun Cenevrədə Azərbaycan parlamentinin sədri ilə görüşü belə, baş tutmayıb. Deməli, problemlər var ki, görüş alınmayıb. Bundan sonra hansı üzlə və əsasla demək olardı ki, tərəflər sülh müqaviləsini imzalamağa hazırdır?

Digər tərəfdən, Alen Simonyanın az qala “sülh müqaviləsini imzalamışıq” iddiasını irəli sürdüyü bir vaxtda onun yalanını Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ifşa edib. “Azatutyun”un sorğusuna cavabında Badalyan bildirib ki, İrəvan hələ avqustda sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycandan təqdim olunan təklifə cavab almayıb. Bu, faktiki olaraq Simonyanın “çayı keçməmiş “hop” deməsinə İrəvandan cavabdır.

Bu arada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib. APA xəbər verir ki, Qazaxıstan lideri bu barədə danışıqlar zamanı Ermənistan prezidenti Vaaqn Xaçaturyana deyib. Prezidentlər ticari-iqtisadi, nəqliyyat-logistika, aqrar, maliyyə, mədəni-humanitar sahələrdə, eləcə də rəqəmsallaşma sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Qazaxıstan və Ermənistan dövlət başçıları regional və beynəlxalq gündəliyin aktual məsələlərinə də toxunublar. Əslində Qazaxıstan prezidenti ilk dəfə eyni təklifi Azərbaycan Prezidenti ilə telefon danışığında, sentyabrın 9-da səsləndirmişdi. Dövlətimizin başçısı təşəbbüsə normal münasibətini ifadə etmişdi. Lakin Ermənistanın davranışları, onun asılı olduğu ölkələrdən aldığı təlimatlar təşəbbüslərin nəticə verəcəyinə də inamı azaldır. Gedişat onu deməyə imkan verirmi COP29-dək sülhə dair sənəd imzalansın? Və bu imzalanma, anlaşma Qazaxıstanda baş tuta bilərmi?

Sahib Məmmədov: "... Azərbaycanın mövqeyini dünya səviyyəsində çatdırmaq  üçün əhəmiyyətlidir"

Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov mövzumuzla bağlı “Yeni Müsavat”a maraqlı fikirlərini açıqladı və rəsmi İrəvanın məkrli mövqeyini ifşa etdi: “Ermənistan rəsmi şəxslərinin, o cümlədən baş nazir Paşinyanın, xarici işlər naziri Mirzoyanın və digər vəzifəli şəxslərin son vaxtlarda sülh müqaviləsinin bağlanmasına Ermənistanın tam hazır olmasını, yalnız bir neçə bənd istisna olmaqla, digər bütün bəndlərin razılaşdırıldığını deməsinin və COP29 tədbirinə qədər müqaviləni imzalamağı təklif etməsinin arxasında məkrli bir siyasət durur. Ermənistan rəhbərliyinin bütün iştirak etdiyi platformalardakı çıxışlarının əsasını da məhz bu mövzu tutur. Onlar bununla Ermənistanın “sülhpərvər”, qonşularla münasibətləri normallaşdırmağa “hazır olan” bir dövlət olduğunu nümayiş etdirməkdədirlər. Əslində isə sülh müqaviləsi üçün prinsipial olan ən ciddi məsələlər hələ həllini tapmayıb. Biz dəfələrlə qeyd etmişik ki, bir dövlətin digər dövlətə qarşı ərazi iddası varsa və bunu öz ali qanununda əks etdiribsə, o zaman bu dövlətlər arasında imzalanacaq sənədin adı sülh müqaviləsi olmamalıdır”.

S.Məmmədov xatırlatdı ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanan təkliflər irəli sürür: “Azərbaycanın təklifləri içərisində Ermənistanın suveren hüquqlarına və ərazi bütövlüyünə xələl gətirə biləcək hər hansı müddəa yoxdur. İki dövlət arasında münasibətlərin, o cümlədən diplomatik, iqtisadi, mədəni əlaqələrin qurulması üçün hər iki dövlətin qarşılıqlı olaraq bir-birinə qarşı ərazi iddasının olmaması öz əksini tapmalıdır. Belə bir müddəa sülh müqaviləsi sənədində əks olunsa belə, bu sənəd Ermənistan üçün o vaxta qədər legitim sənəd olmayacaq ki, konstitusiyada olan məlum müddəalar çıxarılmasın. Hər halda, sülh proseslərinin davam etdirilməsi üçün hər hansı çərçivə sənədinin imzalanması da indiki halda mümkün hesab edilə bilər. Amma o sənəddə də bütün müddəalar tam aydın olmalıdır ki, Ermənistan sonradan manipulyasiya edə bilməsin, necə ki, bunu üçtərəfli bəyanatın müddəaları ilə bağlı etməkdədir. Belə sənədin imzalanmasının müsbət tərəfi o ola bilər ki, Ermənistanın “sülhpərvər” ritorikası və Azərbaycanı sülh razılaşmasına gəlməməkdə ittiham etməsi müvəqqəti də olsa dayana bilər. Münasibətlərdə hər hansı müsbət dəyişikliklər baş verə bilər”.

Siyasi ekspert hesab edir ki, bu zaman sərhədlərin delimitasiya və demarkasiya prosesinin intensivləşməsi və Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı hansısa müsbət irəliləyişin əldə olunması da mümkündür: “Mənfi tərəf isə budur ki, sonra Ermənistan əsas sülh müqaviləsinin imzalanmasından yayınacaq. Hesab edəcək ki, imzalanan sənəd kifayətdir və beləliklə, Ermənistan Azərbaycana qarşı ərazi iddiasını konstitusiya sənədi səviyyəsində saxlayacaq. Sülh müqaviləsinin və ya çərçivə sənədinin imzalanması üçün ən yaxşı yer Azərbaycandır. Amma bu alınmadıqda, Qazaxıstan da münasib platforma sayıla biləcək. Bu halda nə Rusiya, nə də Qərb çox da qıcıqlanmayacaq”. S.Məmmədov zəruri qeydlərini də bölüşdü: “Ermənistanın saxta sülh ritorikasının davam etdiyi vaxtda, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı həyata keçirilən total basqının arxasında duran qüvvələrin əksəriyyətinin bu ölkəni dəstəkləyən və ya erməni lobbisinə bağlı olan qüvvələr olmasını da nəzərə almalıyıq. Bu amil Ermənistanın nə qədər “səmimi” olmasının əsas göstəricisidir”.

Ermənistanın yarımçıq sülh müqaviləsini məhz COP29-da imzalamaq niyyətində olması mövzusuna okeanın o tayından da reaksiya gəlib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller son brifinqdə bildirib ki, Birləşmiş Ştatlar heç vaxt Ermənistan-Azərbaycan sülh müqaviləsini COP29 sammiti ilə əlaqələndirməyib. Musavat.com bu barədə xarici mediaya istinadən bildirir. “Biz bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi görmək istəyirdik və sülh sazişinin imzalanmasına təkan verdik, nəticədə onun sərhədi keçəcəyinə ümid etdik. Lakin bu, ABŞ-dan deyil, hər iki tərəfdən asılıdır”, – Miller deyib.