“İqlim dəyişiklikləri su ehtiyatlarına da mənfi təsir göstərir və COP29 ərəfəsində bu məsələ xüsusi müzakirə olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə ölkəmizdə dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə də Xəzərin suyunun dayazlaşması məsələsini gündəmə gətirdi. Rusiya Prezidenti Həştərxan vilayətinin qubernatoru ilə görüşdə də bunu xatırlatdı. Dövlət başçımız rusiyalı həmkarı ilə görüşdə bildirmişdi ki, hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi aparılıb. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılıq əldə olunub”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, 2022-ci il Aşqabad sammitində də Prezident İlham Əliyev Azərbaycanın ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu, ölkəmizin Xəzərin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bəyan etmişdi:
“Dayazlaşma dinamikasına gəlincə, dövlətimizin başçısı diqqətə çatdırmışdı ki, bununla bağlı nümayəndə heyətləri belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər. İqlim dəyişmələri və su sistemi üzrə fəaliyyətin gücləndirilməsi COP çərçivəsində müzakirə olunan əsas məsələlərdəndir. Yeri gəlmişkən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində cəmiyyəti maarifləndirərək səfərbər etmək məqsədilə ilk İqlim Fəaliyyəti Həftəsinə də hazırlıq görülür.
London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsində yüksək səviyyəli beynəlxalq konfransların, eləcə də çoxtərəfli yerli və icma yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır.
COP29 Sədrliyinin sıx qrafiki fonunda keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim dəyişmələri ilə mübarizə sahəsində həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan tərəfindən görülən genişmiqyaslı işləri, habelə iqlim fəaliyyətinə dəstək olmaq üçün beynəlxalq əməkdaşlığın təşviqini önə çəkəcək. Ümumiyyətlə, iqlim dəyişikliyi gələcəkdə baş verəcək bir risk deyil – bu, çağdaş dünyada milyardlarla insan üçün aktual olan real və hazırda baş verən bir təhlükədir. İqlim dəyişikliyinin təhlükəli təsirləri mövcuddur. Bir sözlə, iqlim dəyişikliyi hazırda ən böyük transmilli problemə çevrilib”.
K. Nurullayeva qeyd edib ki, iqlim dəyişməsi bir çoxları üçün dağıdıcı nəticələrə səbəb olmaqla yanaşı, onilliklər ərzində qlobal inkişaf çərçivəsində əldə olunan nailiyyətlər üçün də təhlükə yaradır:
“Buna baxmayaraq, iqlim fəaliyyəti hər kəs üçün daha yaxşı gələcək vəd edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynamaq və COP29 çərçivəsində bu prosesi konsensusa aparmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İqlim dəyişikliyi ilə mübarizəni müştərək öhdəlik, mənəvi borc və dayanıqlı inkişaf üçün əvəzolunmaz fürsət kimi görmək indi hər zaman olduğundan daha vacibdir.
Azərbaycan sədr kimi COP29-u şəffaf, obyektiv, inkluziv və tərəflərin idarə etdiyi şəkildə həyata keçirməyə qərarlıdır. Ölkəmiz proses boyu inklüzivliyə tam sadiqlik nümayiş etdirir. Təsadüfi deyil ki, Bonn sessiyalarında Danışıqçılar Qrupu 170-dən çox görüş keçirib. 1,5°C hədəfinə hamılıqla nail olmaq üçün birgə iş nümayiş etdirməliyik.
Çoxtərəfli maliyyə institutlarının və iqlim fondlarının gücləndirilməsi əsas hədəflərdəndir. Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradıldığını elan edib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, təbii sərvətləri zəngin olan ölkələr iqlim dəyişmələri ilə mübarizə aparan ölkələrin önündə getməlidir.
Məlum olduğu kimi, COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə iyulun 26-27-də Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirildi. Bütün danışıq qruplarının nümayəndələrinin iştirak etdiyi bu görüşdə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) diqqət mərkəzində oldu, Paris Sazişinin bütün istiqamətləri, o cümlədən 6-cı maddə kimi əsas mandatlar üzrə danışıqların irəliləməsi üçün imkan təmin edildi. Cari iqlim danışıqlarında fikir ayrılığının mövcud olduğu sahələr üzrə tərəflər konstruktivlik nümayiş etdirməyə çağırıldı. Eyni zamanda, COP29 konfransından əvvəl – 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək COP-öncəsi tədbir çərçivəsində də danışıq qrupları və Həmfikir Qrup nümayəndələri qəbul ediləcək. Həmçinin Nazirlərin yüksək səviyyəli dialoqu təşkil olunacaq. Azərbaycan bütün dünya liderlərini Sammitə dəvət edib. Ölkəmiz fəaliyyət gündəliyinin hazırlanması və icrasında davamlılıq və qarşılıqlı fəaliyyəti təmin etmək üçün BMT və beynəlxalq agentliklərlə tərəfdaşlıq edir. Eyni zamanda, gender bərabərliyi və gənclərə lazımi şəraitin yaradılması bütün tematik gün və təşəbbüslər arasında ortaq amil kimi nəzərdən keçirilir.
COP29 Sədrliyi Paris Sazişinin əsas tərkibi hesab olunan 6-cı maddənin tam şəkildə işlək vəziyyətə gətirilməsinin təmin edilməsini prioritet olaraq müəyyənləşdirib. Hər il keçirilən COP konfransı qlobal iqlim böhranının qarşısını almaq, dekarbonizasiya və iqlimə davamlılığın faydalarını paylaşmaq üçün vacib platformadır. İqlim-münaqişələrin qarşılıqlı əlaqəsi istiqamətində, COP29 həm də sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək, iqlimlə bağlı fəaliyyət üçün bütün səyləri səfərbər etmək məqsədi daşıyır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Əsas məsələ budur ki, bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırıla bilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir”.
//Gülnarə Abasova, Editor.az