“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, qısaca olaraq COP29 sessiyasının Bakıda keçirilməsi ölkəmizin dünyada sürətlə artan nüfuzunun bariz nümunəsidir.Belə bir mötəbər tədbirə ev sahibliyi etmək, etiraf edək ki, hər dövlətin bacaracağı iş deyil”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Azərbaycan bundan əvvəl də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib:
“Yəni, ölkəmizin bu sahədə zəngin təcrübəsi başqa ölkələrə nümunə olacaq səviyyədədir. Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP 29 rəhbərliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini dəstəkləyən iki istiqamətə əsaslanan planın hazırlanaraq həyata keçirilməsi də olduqca kreativ və maraqlıdır. Bildiyiniz kimi, COP29-a qarşı antikampaniya aparanlar da az deyil. Ölkəmizin artan nüfuzu bəzi qaranlıq dairələri və ölkələri narahat etməyə bilməzdi. Hər cür qarayaxma üsullarından istifadə edən bu qaranlıq və xəbis dairələrin niyyətləri baş tutmadı. COP 29 tədbirinin uğurlu açılış mərasimi, dünyanın ən müxtəlif bölgələrindən Bakıya təşrif buyuran dövlət və hökumət başçıları, beynəlxalq qurumların rəhbərləri bir daha sübut etdi ki, Azərbaycan artıq dünyanın sayılıb-seçilən, nüfuzlu dövlətlərindən biridir. Dövlət başçısı, cənab prezident İlham Əliyevin liderlər sammitində etdiyi çıxışda bir çox qlobal problemlərlə bağlı dünyaya çox önəmli mesajlar verdi.
COP29 konfransının öz işini uğurla davam etdirib, uğurla da yekunlaşdıracağına əminliyimizi bir daha bəyan edərək bildirmək istəyirəm ki, Azərbaycanın uğuru inkişafının qarşısını heç bir güc ala bilməz”.
//Gülnarə Abasova, Editor.az