“COVID-19-dan qorunmağın ən etibarlı üsulu peyvənddir“ – Terapevtbackend

“COVID-19-dan qorunmağın ən etibarlı üsulu peyvənddir“ – Terapevt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Peyvənd COVID-19 xəstəliyindən özümüzü və yaxınlarımızı qorumağın ən etibarlı üsuludur”.

Editor.az-ın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyib. O bildirib ki, COVID-19 xəstəliyi hər hansı xroniki xəstəliyi olan insanlar üçün xüsusilə təhlükəlidir: “Bu halda həm də fəsadların, ağırlaşmaların inkişaf riski yüksəkdir. Ona görə də bütün dünyada həkimlər yanaşı xəstəlikləri olan insanlara vaksinasiyadan keçməyi tövsiyə edir.

Dünyanın 100-dən artıq ölkəsində əhaliyə 500 milyondan artıq peyvənd vurulub. Lakin ayrı-ayrı ölkələrdə vaksinasiya sürəti çox fərqlidir. Bəzi ölkələrdə əhalinin çoxu vaksini 2 dozada qəbul edib, vaksin ehtiyatları da kifayət qədərdir. Digər ölkələrdə isə hələ vaksinin ilk partiyalarının çatdırılmasını gözləyirlər”.

Həkim qeyd edib ki, pandemiya dövründəki bu vaksinasiya – tarixdə ən irimiqyaslı vaksinasiya proqramıdır: “Onun məqsədi planetdə hər bir yaşlı insanı  COVID-19 əleyhinə peyvənd etməkdir. Bir sıra yoxsul ölkələr Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında beynəlxalq proqram – COVAX-dan vaksin gözləyirlər. Fevralın 24-də Afrika qitəsində bu proqram çərçivəsində ilk olaraq Qana vaksin alıb. Covax 2021-ci ilin sonuna qədər 2 milyard doza vaksin çatdırmağı planlaşdırır.

İsraildə və Böyük Britaniyada isə vaksinasiyadan sonra təsdiq olunub ki, vaksinlər yoluxmaları və ölüm hallarını xeyli azaldır. Azərbaycanda vaksinasiyaya bu il yanvarın 18-dən başlanıb. Son sutkada (21 aprel 2021-ci il) COVID-19 xəstəliyi  əleyhinə 15 077 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464 090 təşkil edir.

Yaddan çıxarmaq lazım deyil ki, hətta COVID-19-dan sağalmış sağlam insanlar da yenidən virusa yoluxa və onu yaya bilərlər. Ona görə də təhlükəsizlik qaydaları, hər şeydən əvvəl maskalardan istifadə, gigiyena qaydalarına ciddi riayət edilməsi və sosial məsafənin saxlanması həm vaksinasiyadan əvvəl, həm də peyvənddən sonra gözlənilməlidir”. (APA)

Loading...