Fərrux Hacıyev Səməd oğlu Azərbaycanın hazırda ən yaşlı kişi pensiyaçısıdır. Onun 104 yaşı var 1920-ci ilin 1 yanvarında doğulub. Tovuz rayonunun Ağdam kəndində yaşayır. Fərrux kişinin 4 övladı var. Onlardan 3-ü oğlan, 1 qızı var. Fərrux kişinin ən böyük övladının 64, ən kiçiyinin isə 56 yaşı var. Balaca oğlu I Qarabağ müharibəsində iştirak edib, I qrup əlildir.
Oğlu Qasım Hacıyev deyir ki, atasının yaddaşı bir az zəifləyib, yeriməyində problem var:
“Əsa ilə arada həyətə çıxır. Yanında mən oluram, atama qulluq edirəm. Market malı yemir. Ona ancaq kənd məhsulları verirəm.
Gözləri də yaxşı görmür. Ona görə də dünyada baş verən bütün məlumatları mən ona çatdırıram. Vətən müharibəsində hər gün atama azad olunan yerlərin xəbərlərini çatdırırdım. Qardaşımın biri Birinci Qarabağ müharibəsi qazisidir, birinci qrup əlildir. Dedi, şükür dünyamı dəyişməmiş bu şad xəbəri eşitdim və oğlumun qisasının alındığını bildim. Deyir, dünya düzəlsə də ermənilərə etibar etməyin”.
Fərrux babanın 6 nəvəsi, 5 nəticəsi var. Oğul bildiri ki, ata nəvə və nəticələri səsindən tanıyır.
Fərrux kişinin nəsli uzunömürlüdür. Bunun sirlərindən biri də gec evlənmələridir.
Oğlu Qasım: “Deyir ki, atası, babası da ona məsləhət görüblər ki, gec ailə qursun. Gec evlənsə, ömrü uzun olar.
Atamın gec ailə qurmasının digər səbəbi isə II Dünya Müharibəsi olub. Qardaşı1941-ci ildə müharibədən qayıtmayıb. Anası atamın da müharibəyə getməməsi üçün ona qaçmağı məsləhət görüb.
Atam bir gün çayda iki kənd uşağı ilə çimirmiş, görüb uzaqdan kimsə gəlir, qaçıb kolda gizlənib. Həmin adam iki gənci müharibəyə aparıb. Onlardan biri qayıdıb, digəri isə yox. Atam da Bakıya gəlib işləyib, fermalarda çobanlıq edib. Qaçaqçılıq adı üstündən götürləndən sonra Tovuza qayıdıb, evlənib”.
Musavat.com