San Antoniodakı Texas Universitetinin (UT Health San Antonio) alimləri müəyyən ediblər ki, doqquz saat və ya daha çox yatmaq bilişsel funksiyaların pisləşməsi, xüsusən depressiya ilə əlaqələndirilir.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Alzheimer’s & Dementia (A&D) jurnalında dərc olunub.
Tədqiqat 27-85 yaş arası 1853 iştirakçını əhatə edən uzunmüddətli Framingham Ürək Tədqiqatının bir hissəsi kimi aparılıb. Tədqiqatların orta yaşı 50 civarında idi. Alimlərin məqsədi yuxu müddətinin beyin funksiyasına necə təsir etdiyini, xüsusilə depressiya əlamətlərinin olub-olmamasını öyrənmək idi.
Müəlliflər vurğulayırlar ki, həm az, həm də çox yuxu yaddaşa, diqqətə və qərar qəbul etmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Böyüklər üçün ideal yuxu miqdarı Beyin Sağlamlığı üzrə Qlobal Şuranın tövsiyə etdiyi kimi gecədə yeddi-səkkiz saatdır.
Yuxu və depressiya arasındakı qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirilib. İştirakçılar pozğunluq əlamətlərinin mövcudluğuna görə dörd qrupa bölünüblər. Nəticələr göstərib ki, daha uzun yuxu müddəti depressiyadan əziyyət çəkən insanlarda (həm dərman qəbul edənlər, həm də dərman qəbul etməyənlər) daha çox koqnitiv geriləmə ilə əlaqələndirilir.
Antidepresanlardan istifadə edən, lakin depressiya əlamətləri yaşamayan insanlarda statistik əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.
Tədqiqatçılar qeyd edirlər ki, yuxu pozğunluğu və depressiya tez-tez yanaşı gedir: Depressiyadan əziyyət çəkən insanların təxminən 90%-i yuxu problemlərindən şikayətlənir.
//Gülnarə Abasova, Editor.az