“Qəbul etdiyimiz qidaların çoxçeşidli olması hansı çeşiddə olması ilə çox bağlıdır”.
Bu sözləri Editor.az-a qida çeşidliliyi ilə bağlı danışarkən sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, gün ərzində 70-ə qədər makro və mikro elementi almağımız üçün qidaların çoxçeşidli olması əsas şərtlərdən biridir: “Belə ki, gün ərzində mütləq şəkildə karbohidrat, yağlar, zülallar, vitamin və mineral dəyəri zəngin olan qidalar qəbul olunmalıdır.
Əsas məqamlardan biri isə çoxçeşidliliyin zərərli qidalarla qarışdırılmamasıdır. Çünki fast food, mənşəyi bəlli olmayan kimi zərərli qidalar orqanizmdə ciddi fəsadlara yol açır. Bu cür qidalarda kimyəvi qatqılar mövcuddur və o elə hesablanır ki, günlük qəbulda orqanizmə zərər vurmasın. Lakin bu tip qidalar gün ərzində çoxçeşidli olaraq qəbul olunduqda orqanizmin həmin maddələrlə zəhərlənməsi baş verir.
Keyfiyyətli, vitaminlərlə zəngin qida qəbulu zamanı isə çoxçeşidlilikdə heç bir problem görülmür.
Meyvə yeyərkən şirin və turş meyvələrin bir arada yeyilməməsinə diqqət etmək lazımdır. Xüsusilə şirin tərkibli qidaların günün birinci yarısında yeyilməsi orqanizm üçün çox faydalıdır və parçalanaraq orqanizmdə enerjiyə çevrilir. Sitrus və turş tərkibli meyvələr isə ağır həzm olunan qidalarla birlikdə qəbul olunduqda həzmə kömək olur. Eyni zamanda ətin tərkibindəki Dəmir “C”vitamini ilə birlikdə daha doğru şəkildə qana sovrulur.
Fərqli çeşid heyvan ətləri birlikdə qəbul olunduqda həzm prosesi çətinləşir, orqanizmdə ağırlıq yaranır”.
//Səbinə Hüseynli, Editor.az

