Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bununla bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, ABŞ Prezidenti Co Baydenin möhtərəm Prezidentimiz İlham Əliyevə göndərdiyi təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür və eyni zamanda, Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir.
“Ümumiyyətlə, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hər zaman uğurlu siyasəti, inkişafı və gücü ilə özünə hörmət qazanıb. 44 günlük Vətən müharibəsindən sonra isə həmin hörmət birə-beş artıb. Çünki artıq Azərbaycan hərb müstəvisində də qalib ölkədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz uzun illər əsarətdə, işğal altında qalan torpaqlarımızı geri qaytardı və Azərbaycan bütöv oldu. Bu prosesdən sonra təbii ki, regionda ölkəmizin mövqeləri daha da güclənib və Azərbaycan lider ölkə kimi nəzərləri öz üzərinə cəlb edib.
Bir daha deyirəm, Müstəqillik Günü ərəfəsində ABŞ kimi mötəbər və fövqəldövlətin başçısından təbrik məktubu almaq həqiqətən də Azərbaycandakı inkişafa, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə verilən qiymətdir. Hər kəs Azərbaycanın gücünü və qüdrətini qəbul edir, hər kəs bu gücə və qüdrətə hörmətlə yanaşır, hər kəs doğma Azərbaycanımızı və rəhbərimizi dünya dövlətlərinin liderləri sırasında görür. Bu da olduqca sevindirici və qürurverici bir haldır”, – deyə deputat bildirib.

