Rusiyadanın paytaxtı Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş şəxs intihar edib.
Oxu.Az-ın “RBC”ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsindən məlumat verilib.
“Hadisə yerində reanimasiya tədbirləri aparılıb, lakin nəticəsiz qalıb. Hazırda araşdırma aparılır və nəticələr bu gün açıqlanacaq”, – deyə məlumatda bildirilib.



Federal Penitensiar Xidmətin məlumatına görə, hadisə barədə müşahidə kameralarından məlum olub. Məhbusun adı şəxsi məlumatlar haqqında qanuna uyğun olaraq gizli saxlanılır.
“RIA Novosti”nin məlumatına görə isə, intihar edən şəxs Yakubcon Yusufzoda olub. O, 31 mart 2024-cü ildə həbs olunub və o zaman onun 25 yaşı olub. Yusufzoda Tacikistanda anadan olub və bu ölkənin vətəndaşı olub. Evli olub və üç övladı var. İstintaqın məlumatına görə, həbs olunan zaman Yusufzoda qeyri-rəsmi olaraq tikintidə işləyirmiş və Moskvada müvəqqəti yaşayış icazəsi olub.
Xatırladaq ki, Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus” ticarət mərkəzində terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, hadisə zamanı 149 nəfər öldürülüb.

