Dağıntılar altında dostlaşdılar: 261 saat sonra sağ çıxarıldılar – FOTO/VİDEObackend

Dağıntılar altında dostlaşdılar: 261 saat sonra sağ çıxarıldılar – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dağıdıcı zəlzələnin 11-ci günündə Hatayda möcüzə yaşanıb. Belə ki, Antakyada özəl xəstəxananın dağıntıları altından 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcı sağ-salamat xilas ediliblər.

261 saat dağıntılar altında qalan Mustafa Avcının atası Ali Avcı oğlunun sağ olduğunu öyrənəndə inana bilmədiyini deyib:

“Mən indi tam ümidsiz vəziyyətdə idim, ona görə də bu, həqiqətən, möcüzədir. O dağıntıları görəndən sonra oğlumun sağ qalacağını düşünmürdüm və ən pisə hazır idim. Allah mənə ikinci dəfə oğlumu verdi”, – deyə o bildirib.

Qardaşı Kadir isə Mustafa Avcının zəlzələ günü ata olduğunu deyib.

“Qardaşım palatada yatan həyat yoldaşının yanından çıxmışdı ki, hava alsın. Həmin vaxt bu fəlakət baş verdi. Gəlinimizin yatdığı otaqda heç bir problem yoxdur: O da, uşaq da, anam və atam da yaxşıdırlar. Amma qardaşım olan yer dağıldı. Ümidimizi tamamilə itirmişdik. Çox vaxt keçmişdi. Düşünürdük ki, tapsaq, heç olmasa, məzarı olar. Heç gözləmədiyimiz anda bizə zəng etdilər. Əvvəl inanmadım, dəfələrlə soruşdum, yoxladım. Xəbər düz imiş, şükür Allaha, çox xoşbəxtik”, – deyə Kadir baş verənləri danışıb.

O, qardaşının dağıntılar altında digər zərərçəkən Mehmet Ali Şakiroğlu ilə dostlaşdığını deyib:

“Onlar eyni yerdə qalmışdılar. Biz də Şakiroğlu ailəsi ilə bayırda gözləyirdik. Onlar içəridə dost oldular, biz də çöldə eyni taleni yaşayan insanlar kimi dostlaşdıq. Qardaşımı çıxarandan sonra onunla qısa danışmaq imkanım oldu. “Biz dağıntıların altında Mehmet Ali ilə dost olduq”, – dedi. Dedim ki, mən artıq Mehmet Alinin qardaşı ilə çöldə dost olmuşam, neçə gün dağıntıların yanında yatıb-qalxırdıq. Çox xoşbəxtəm”.

Qeyd edək ki, Mehmet Ali Şakiroğlunun atası Mehmet Boyraz da həmin vaxt dağıntılar altında qalıb, ancaq özü çıxa bilib.

“Bundan sonra çətin günlər keçirdim, amma heç vaxt ümidimi itirmədim. 11 gündür nə yaşadığımı mən bilirəm. Evim dağılıb, çadırda qalıram. Amma oğlumu tapdığım üçün  bir il də çadırda qalmağa razıyam. Ümidimi heç itirmədim, həmişə gələcəyini hiss edirdim”, – deyə o bildirib.

Oxu.az