Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDIbackend

Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Malatya şəhərində baş vermiş dəhşətli zəlzələnin azərbaycanlı qurbanı – İnönü Universitetində tibb üzrə təhsil alan Gündüz Nəzərzadənin ölümü onu tanıyan hər kəsə üzüntü yaşadıb.

Gündüz Nəzərzadəyə dərs demiş Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva keçmiş tələbəsinin ölümündən sarsılıb.

Müəllim bu gün başlamış tədris ilinin yaz semestrində Gündüzü bir daha xatırladığını və onun ölümü ilə barışa bilmədiyini bildirib:

“Bu gün fevralın 16-da 2022-2023-cü il tədris ilinin yaz semestrinin ilk dərs gününə başladıq. İlk dərs günüm əczaçılıq fakültəsinin 1-ci kurs tələbələriylə idi. Sözün açığı bütün müəllim kollektivimizin, təhsil dalınca qardaş Türkiyəyə gedib, zəlzələ nəticəsində həlak olan və dünən gecə vətənə cənazələri dönən gənclərimizin acı faciəsinin təsiri altında olması, məni də hədsiz kədərləndirdiyindən, ilk dərs üçün auditoriyaya daxil olanda baxışlarım düz 3 il bundan əvvəl mərhum tələbəmiz Gündüz Nəzərzadənin oturduğu yerə dikildi. Dərsimizə Gündüzün və bu faciədə həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladıq və onlara Allahdan rəhmət dilədik. Amma bütün dərs boyu nakam gəncimizin surəti gözlərimin önündən çəkilmədi. Dərsdən sonra Gündüzün tələbə yoldaşlarıyla əlaqə saxladım və Sumqayıta gedib, mərhumun doğmalarına baş sağlığı verməyi özümə borc bildim.

Mərhumun yas yerinə çatanda ilk olaraq atası Mübariz bəylə görüşdüm. Fiziki görünüş baxımından cüssəli və qamətli şəxs olan ata, bu ağır dərdin ağırlığından sanki bükülmüş, gözləri isə ağlamaqdan qızararaq “qan çanağı”na dönmüşdü. Özümü təqdim etdikdə göz yaşlarını saxlaya bilməyən ata: ”Müəllimə, Allah sizdən razı olsun, sizi görüncə bir daha anladım ki, deməli Gündüz hər kəs kimi müəllimlərinin də sevimlisi olub”.

Gündüzün atası gizli qalan bəzi məqamları müəllimə ilə bölüşüb:

“Gündüzgil 4 azərbaycanlı olaraq, bir mənzildə yaşayırdılar. Binanın yaşayış üçün yararsız olması barədə deyilənlər doğru deyil. Gündüz zəlzələ baş verən zaman yuxuda olub, heç oyanmayıb, elə yuxudaykən həlak olub. Yaxşı ki, elə yuxuda olub, o fəlakətin qorxusunu yaşamayıb. Bir gün əvvəl 1000 manat yarımillik təhsil haqqını göndərmişdim. Gündüz pulu aldıqdan sonra mənə zəng edərək təşəkkür etdi və ilk dəfə olaraq bu kəlməni işlətdi “ata, haqqını halal elə və mənə halallıq ver”. Mən bu sözü eşidəndə bir anlıq düşündüm ki, bu uşaq niyə birdən-birə mənə belə söz dedi… Anasına çox bağlı idi, gün ərzində anasıyla bir neçə dəfə telefonla danışardılar. Fevral ayının 5-i mənim doğum günüm idi. Sonuncu dəfə bu münasibətlə danışdıq. 6-na kecən gecənin bir aləmi Gündüzün bir dostu anasına zəng edərək, bu acı xəbəri, zəlzələ baş verdiyini ona deyib. Onların yaşadığı binada xeyli ailə yaşayırmış. Zəlzələnin ilk anında yalnız bir neçə nəfər bayıra qaçıb xilas ola bilib”.

Aidə Bəndəliyeva Gündüzün anasının hazırki vəziyyətindən də danışıb:

“Mübariz bəylə söhbət zamanı ATV kanalının çəkiliş qrupu orada idi. Mərhumun atası müsahibə verməkdən qəti imtina edərək, “Qoy oğlum haqqında müəlliməsi danışsın. Bu, bizim üçün bir təsəllidir” dedi. Mən tələbəm haqqında xatirələrimi danışdıqdan sonra, Gündüzün yaşadığı mənzilə, qadınların yanına getdim. Məni qarşılayan Gündüzün nənəsi Jenya xanım və xalası Şəfa xanım mənə sarılaraq acı göz yaşları axıtdılar. Mən çəkinə-çəkinə anası Vəfa xanımı soruşdum. Nənəsi dedi ki, qızıma sakitləşdirici vurulub hazırda onun təsiri altındadır. Yaşlı nənə göz yaşları içərisində Gündüzün ona zəng vuraraq zarafatla “Nənə gələndə sənə rəqs müəlliməsi tutacam ki, sən rəqs etməyi öyrətsin, toyumda oynayasan” deyə ağladı. Nəvəsinin bizimlə olan tələbəlik illərinin şəkilini onlara göndərməyimi xahiş etdi. Bunu da özü üçün kiçik bir təsəlli olduğunu deyib, boynuma sarılıb, hönkürdü… Mənsə təsəlli üçün yalnız bir cümlə deyə bildim “Allah səbir versin!”

Qeyd edək ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olublar./Azxeber.com