Bu gün daha 10 ailə öz doğma yurd yuvalarına Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə yola salındı. Köçürülmə prosesinin birinci mərhələsi Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindən həyata keçirildi.
Daha əvvəl iyulun 19, 21 və 23-də hərəsində 10 ailə olmaqla Ağalı kəndinə köçürülüb. proses ümumilikdə 4 mərhələdə həyata keçirilir. Birinci mərhələdə 40-dan çox ailənin ağalı kəndinə köçürülməsi nəzərdə tutulurdu ki, bununla köçürülən ailələrin sayı 41-ə çatıb. Qeyd edək ki, Müharibədən dərhal sonra dövlət başçısının tapşırığına əsasən qarabağ və Şərqi Zəngəzurda bərpa quruculuq işlərinə başlanıldı. 44 günlük vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə ilk məskunlaşma məhz Ağalı kəndində həyata keçirilir.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, müharibənin başa çatdığı 1,9 il ərzində işğaldan azad olunmuş ərazilərdə böyük meqa layihələr icra olunur:

” Yol, elektrik və digər infrastrukturlar demək olar ki, yenidən qurulmuşdur. Ağalı kəndi işğaldan azad olunmuş ərazilərdə yenidən qurulacaq şəhər və kəndlərin nümunəsidir. Bütün şəhərlərimiz müasir şəkildə yenidən qurulacaq. Ağalı kəndi 29 il həsrətdən sonra öz sakinlərini yenidən qəbul etdi. Ağalıda bütün infrastruktur yüksək səviyyədə yaradılmışdır. Burada xidmətlərin göstərilməsi üçün bütün inzibati binalar tikilib. Artıq tibb personalı da Ağalıya qaıdır. Sentyabrdan orta məktəb də Ağalının şagirdləri üçün qapılarını açacaq. Bu o deməkdir ki, işğaldan azad olunmuş ərazilərə yenidən məskunlaşmaya artıq başlanılıb. Tezliklə yeni kəndlərin və şəhərlərin ərsəyə gəldiyini görəcəyik. Ağdam, Zəngilan baş plana uyğun yenidən tikilir. Şuşanın yenidən qurulması işləri davam etdirilir. Hesab edirəm ki, növbəti qayıdış Şuşaya olacaq. Şuşada demək olar ki, infrastrukturun yenidən qurulması başa çatmaq üzrədir. Yaşayış binaları da bərpa ediləndən sonra Şuşaya sakinlərin yenidən yerləşdirilməsi həyata keçiriləcək. Kəlbəcərdə yaşayış məntəqələrin tikintisi işləri sürətlənəcək. Hesab edirəm ki. əsas çətin iş infrastruturun formalaşdırılması idi ki, bu işlər yekunlaşandan sonra yaşayış məntəqələrin yenidən tikintisi prosesi sürətlənəcəkdir. Yəni , bu o deməkdir ki, yaxın gələcəkdə bütün qaçqınlar və məcburi köçkünlər işğaldan azad olunmuş torpaqlara yaşamağa qayıdacaqlar və əbədi olaraq öz ata-baba torpaqlarında yaşamaqlarına davam edəcəklər”.
//Gülnarə Abasova, Editor.az

