Cənubi Koreyanın Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin sağ qaldığı güman edilir.
Yanğınsöndürmə xidmətinin ilkin məlumatlarına görə, qalan 179 nəfər həlak olub. Lakin indiyədək 85 nəfərin öldüyü təsdiqlənib.
Yanğınsöndürənlərin məlumatını “Yonhap” agentliyi xəbər verir. Sağ qalanların hesabatları müxtəlifdir. Agentlik iki qadının – bir sərnişin və bir ekipaj üzvünün xilas edildiyini iddia edir. “Reuters”in məlumatına görə də bir kişi və bir qadın olmaqla iki ekipaj üzvü xilas edilib.
“Jeju Air” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi bu gün, dekabrın 29-da səhər saatlarında Muan hava limanına enərkən qəzaya uğrayıb. Laynerdə 173 koreyalı və 2 taylı olub. Ekipaj üzvlərinin vətəndaşlığı dəqiqləşdirilməyib. İlkin məlumata görə, qəzaya səbəb eniş qurğusunun nasazlığı olub. Pilotlar təyyarəni gövdəyə endirməyə çalışsalar da, sürəti azalda bilməyiblər. Təyyarə uçuş-enmə zolağından kənarda hasarla toqquşub, parçalanıb və alovlanıb.
//Samir Qurbanov, Editor.az