Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarının ciddi xarakter daşıdığını bildirib.
Editor.az xəbər verir ki, Rasmussen bu barədə Fox News telekanalına verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, Ağ Ev Trampın Qrenlandiya ilə bağlı mövqeyinin nə qədər ciddi olduğunu açıq şəkildə nümayiş etdirib.
“Prezidentin bu məqsədinin açıq şəkildə bəyan edildiyi mənim üçün tam aydındır”, – deyə Danimarka XİN rəhbəri vurğulayıb.
Rasmussen Vaşinqtonun Qrenlandiyanı güc yolu ilə ələ keçirməyə cəhd göstərə biləcəyi ehtimalını da istisna etməyib. Bununla belə, o bildirib ki, Qrenlandiyanın belə bir ssenarini qəbul etməsi mümkün deyil. Nazirin sözlərinə görə, son sorğular ada əhalisinin cəmi 6 faizinin ABŞ vətəndaşı olmaq istədiyini göstərir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Danimarkadan Qrenlandiyadan “geri çəkilməsini” tələb etmiş, həmçinin NATO-ya adanın nəzarətinin ABŞ-yə verilməsi üçün dəstək çağırışı etmişdi. Tramp iddia etmişdi ki, Qrenlandiyanın Vaşinqtonun nəzarətinə keçməsi NATO-nu daha güclü və təsirli edəcək, əks halda ada Rusiya və ya Çinin təsiri altına düşə bilər.
//Gülnarə Abasova, Editor.az

