Danışıqlar niyə dalana dirənib? – Türkiyənin vasitəçilik missiyası yeni sınaqdabackend

Danışıqlar niyə dalana dirənib? – Türkiyənin vasitəçilik missiyası yeni sınaqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya–Ukrayna müharibəsinin üçüncü ilinə qədəm qoyması fonunda beynəlxalq vasitəçilik cəhdləri yenidən aktuallaşmaqdadır. Regional güc mərkəzi kimi Türkiyənin həm Moskva, həm də Kiyevlə əlaqələri qoruyub saxlaması onu danışıqlara aparan nadir etibarlı platformalardan birinə çevirir. Ankara əvvəlki diplomatik təşəbbüsləri ilə xüsusilə İstanbul danışıqları və humanitar razılaşmalarla, münaqişənin müəyyən mərhələlərində çevik vasitəçi rolunu təsdiqləmişdi. Lakin hazırkı mərhələdə savaşın intensivliyi və tərəflərin siyasi mövqelərindəki sərtləşmə diplomatik prosesin yenidən dirçəldilməsini son dərəcə çətinləşdirir. Bu mənzərə Türkiyənin çağırışlarının nə dərəcədə real nəticə verə biləcəyi barədə suallar doğurur.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Türkiyənin Rusiya–Ukrayna müharibəsində vasitəçilik səyləri və tərəfləri yenidən danışıqlar masasına dəvət etməsi Ankaranın uzun müddətdir apardığı balanslaşdırılmış siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilir:

“Belə ki, müharibə başlayandan bəri Türkiyə hər iki dövlətlə əlaqələri qoruyub saxlayan və onlarla eyni vaxtda danışıq aparmaq imkanı olan nadir ölkələrdən biridir. Məhz bu siyasət əvvəlki dövrlərdə İstanbul formatında danışıqların keçirilməsinə və bir sıra məsələlər üzrə irəliləyişə şərait yaratmışdı. Bu ilin əvvəlində ABŞ-ın prosesə daha fəal qoşulmasından sonra Rusiya və Ukrayna arasında ikinci raund görüşlərin də yenidən İstanbulda təşkili və humanitar məsələlər üzrə xüsusilə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı addımlar atılması Ankaranın rolunu bir daha göstərdi. Lakin son aylarda döyüşlərin kəskin intensivləşməsi vəziyyəti daha da ağırlaşdırıb”.

Politoloqun sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyi ötən gün yaydığı açıqlamada Rusiya ilə danışıqların dayandırıldığını və ilin sonuna qədər bərpa olunmayacağını bildirdi:

“Hazırda tərəflərin masa arxasına qayıtmaq niyyəti görünmür, çünki müharibənin mahiyyəti və mübahisəli ərazilərə dair mövqelər kəskin şəkildə fərqlənir. Türkiyənin “heç bir tərəf uduzmamalıdır” yanaşması nəzəri cəhətdən cəlbedici olsa da, bunun xüsusilə Rusiya tərəfindən qəbul olunmasının real olub-olmaması ciddi suallar yaradır. Moskva təkcə işğal etdiyi ərazilərə deyil, faktiki nəzarətində olmayan bölgələrə də iddialar irəli sürür, Kiyev isə bu tələbləri qəti şəkildə rədd edir. Mövcud şəraitdə əldə oluna biləcək ən real nəticə atəşkəs razılaşması ola bilər, lakin Rusiya buna hazır görünmür. Bu səbəbdən Kremlə yalnız ABŞ deyil, Çin də daxil olmaqla digər böyük güclərin təzyiqi tələb olunur”.

“Türkiyənin tərəfləri danışıqlara gətirmək üçün diplomatik imkanları mövcud olsa da, təsir rıçaqları kifayət qədər məhduddur. Ankara öz tərəfdaşları ilə münasibətlərin zədələnməsini istəmədiyindən sərt təzyiqdən çəkinir və prosesdə daha çox neytral vasitəçi kimi qalmağa üstünlük verir. Bütün amillər nəzərə alındıqda, ən azı bu ilin sonuna qədər Rusiya və Ukrayna arasında ciddi siyasi dialoqun baş tutacağı və hər hansı irəliləyişin əldə olunacağı real görünmür”,- deyə O. Qasımov bildirib.

//Gülnarə Abasova, Editor.az