“Qarabağ iqtisadi rayonunda erməni separatçılarının PUA-lar qaldırması, Azərbaycan ərazilərini müşahidə etməsi cəsarətinin arxasında Rusiya sülhməramlı qüvvələri dayanır. Məqsəd isə Azərbaycan hərbiçilərinin yerdəyişməsini müşahidə etməkdir. İlk növbədə buna Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi reaksiya verməlidir. Ancaq görünən odur ki, bu mərkəzin də fəaliyyəti aşağıdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, baş verən təxribatların arxasında konkret olaraq Ermənistan hakimiyyəti dayanmır:
“Qarabağda qeyri-qanuni şəkildə fəaliyyət göstərən separatçılar təlimatı birbaşa Rusiyadan alır. Demək olar ki, Ermənistanın Qarabağla həm fiziki, həm də siyasi əlaqələri xeyli kəsilib. Qanunsuz erməni silahlı birləşmələrinin bu kimi təxribatları birinci dəfə deyil. Rəsmi Bakı artıq antiterror əməliyyatlarına başlamalıdır. Təbii ki, bunun arxasında Rusiya, həmçinin Qarabağdakı separatçıların sülhü sabotaj etmək niyyətləri dayanır. Təsadüfi deyil ki, Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesi intensivliyində Qarabağdakı bu təxribatlar getdikcə artır”.
//Gülnarə Abasova, Editor.az

