Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir.
Nazir qeyd edib ki, bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı beynəlxalq hüquqa əsaslanır: “İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq”.
Siyasi analitik Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, aparılan diplomatik danışıqlar və tərəflərin sülh müqaviləsi üzərində işlənildiyi bir vaxtda gözlənilən görüş öncəsi ümumi mühitin gərgin olduğu bir şəraitdəyik:
” Tərəflərin mövqelərinin ümumən uzlaşdığı deyilən dövrlərdə də bir-iki prinsipial məsələdə razılığa gəlinməməsi problemin on illərlə uzanmasına səbəb olmuşdu. Bu səbəblərdən biri də Qarabağa status istənilməsi, hətta müstəqillik verilməsi idi ki, bu, indi də öz yerindədir, xüsusən də, Rusiyanın təşviqatçılığında…
Ermənistan danışıqların aparılmasını imitasiya etməklə manevr etmək istəyir. Ermənistan rəsmilərindən biri növbə ilə bir gün konstuktiv, sabahı gün digər rəsmisi hansısa ölkənin təkidi ilə bunu inkar edən qeyri-konstruktiv bəyanat verməklə ortaya ziddiyətli mövqe qoyur. Ermənistan məğlub tərəf kimi danışıqları uzatmaqla əlverişli geosiyasi şərait gözləmə fikrindədir. Onlar üçün zatən olan olub. Bundan sonra olacaqlar elə də çox şeyi dəyişməyəcək. Hesab edirəm ki, baş verənlər fonunda baş tutması gözlənilən danışıqlarda hansısa ciddi nəticə əldə olunması üçün şərait yoxdur. Bu, xüsusən də, Rusiyanın indiki durumu ilə əlaqəlidir. Rusiya hələlik elə vəziyyətdədir ki, bu vəziyyət onun hansısa məsələni prinsipial həll etməsi üçün münasib deyil. Odur ki, qarşı tərəfin zamana ehtiyacı var.
Fikrimcə, danışıqlarda dönüş yarada biləcək tək tərəf Azərbaycan tərəfidir. Hal-hazırda Şuşa-Laçın yolunda baş verənlərin də buna hesablandığı qənaətindəyəm. Amma bir o qədər də ümidli deyiləm”.
//Gülnarə Abasova, Editor.az

