Dəfn günü Hacı Şahinin məzarında diqqətdən qaçan detal – FOTObackend

Dəfn günü Hacı Şahinin məzarında diqqətdən qaçan detal – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağkən bütün şüurlu həyatını Həzrəti Peyğəmbərimizin (s.ə.s.) bizlərə əmanət olaraq qoyub getdiyi Əhli-Beyti cəmiyyətimizə anlatmağa və sevdirməyə çalışan Hacı Şahin qəfil ölümüylə də Əhli-Beytə əvəzsiz xidmətini göstərmiş oldu.

Onun ölümü seçdiyi müqəddəs yola elə həyatı qədər də fayda, sevgi, hörmət gətirdi!

İnsan həyatının tamamilə dəyərdən düşdüyü, gənc ölümlərin adiləşdiyi bir zamanda Hacı Şahin ölümün özünü hörmətə mindirdi, gözəlləşdirdi, əxlaqsızlıq girdabına sürüklənən müasir gəncliyimiz üçünsə yaşam örnəyini yaratdı!

Kimin nə deməsindən asılı olmayaraq, onun dəfni zamanı yaşanan bu əzəmətli təbii izdiham və kütləvi hüzn, tökülən göz yaşları bir tərəfdən Hacı Şahinin şəxsiyyətinə olan dərin və sonsuz ehtiramın, sevginin ifadəsiydisə, o biri tərəfdən də onun seçdiyi yola hörmətin və o yoldakı sədaqətə, ardıcıllığa, səmimiyyətə cəmiyyətimizin verdiyi qiymətin göstəricisiydi.

Cəmiyyətimiz göstərdi ki, o, bu ölkənin dəyərlərinə, o cümlədən ənənəvi məzhəbinə ən çətin şəraitdə sahib çıxan, onu hansısa kənar bir gücün ideologiyası kimi qəbul etməyən, əməllərində həqiqi mömin şəxs olduğunu sübuta yetirmiş əxlaqlı və elmli bir din adamının itkisini milli itki, milli kədər sayır.

Bu əzəmətli izdiham, o izdihamdan çəkilmiş bircə foto manqurtlaşmış beyinlərə soyuq su səpdi və çoxlarına bir daha anlatdı ki, Azərbaycan əhli-beytsevərlərin yurdudur və heç kim, heç bir qüvvə də insanlarımızın qəlbindən bu sevgini çıxarıb ata, silə, unutdura bilməz!

Baxmayaraq ki, SSRİ dağılandan bu yana, illərdir, çoxları bunu unutdurmağa, ənənəvi olmayan məzhəbçi düşüncəni cəmiyyətimizə daşımağa, siyasiləşdirməyə, gələcək təfriqə və fitnələr üçün bünövrə salmağa çalışır! Məgər, elə son 2 ildə qonşu İranla yaşanan gərginliklər zamanı yad təsirlər və maraqlar altında yetişdirilən bəzilərinin İrandakı dini rejimi bəhanə edərək, bütövlükdə şiəliyə açıq hücumu fürsət bilmələrini, onu zorla İranın mövcud hakimiyyətinə pərçimləyib gözdən salmağa çalışdıqlarını, Əhli-Beyt tərəfdarlarına sayğını ifadə edən minillik adətlərimizi nə şəkildə ələ saldıqlarını, aşağıladıqlarını görmədikmi?!

Hacı Şahin isə sağlığında olduğu kimi, qəfil ölümüylə də bu “yad əl” sahiblərinin hiyləgər sifətlərinə tərs şapalaq çəkdi və göstərdi ki, bu millət öz dininə, tarixi ənənələrinə və dəyərlərinə sahib çıxmaq əzmindədir; nə qədər sıxışdırılsa, nə qədər əks-təbliğat aparılsa belə, Əhli-Beyt sevgisini Vətən sevgisinin qırılmaz bağına, Üçrəngli Bayrağının silinməz rənginə çevirib artıq!

O bayrağın ki, ötən ilin avqustunda Britaniyada səfirliyimizə olan basqın zamanı din xadimlərindən yalnız Hacı Şahin Məşədi Dadaş məscidinin önündə onu tərəfdarlarının başı üzərinə qaldırmaq göstərişi vermiş, şəhidlər sərdarı Həzrəti Hüseynin (ə.) adının yazıldığı bayraqla yanaşı tutmuş, bu xalqın inanclı kəsimi üçün İmam Hüseyn şəxsiyyətinin bayrağımız, bayrağımızın da İmam Hüseyn qədər dəyərli olduğunu anlatmışdı!

…Dəfn günü Hacı Şahinin məzarı üstündə də o bayraqlar yenidən qovuşmuş, mələk qanadlarıtək qoşalaşmışdı!

3 gündür o məzar üstdə çəkilmiş fotodakı bayraqlar gözlərim önündən getmir. Çünki mən o mənzərədə Bütöv Azərbaycanı görürəm – Əhli-Beyt tərəfdarlarının sığındığı, qorunduğu, daim sevildiyi və həmişə yad edildiyi, inancın birləşdirdiyi tarixi Bütöv Azərbaycanı!

Ruhun şad olsun, ey Əhli-Beyt yolunun sadiq yolçusu, özü, ideyaları, düşüncələri bayraq olacaq İşıq Adam! Allah bu yurdu o Üçrəngli Bayraqdan və daim təbliğ etdiyin Əhli-Beyt təmsilçilərinin sevgisindən məhrum etməsin, onları heç vaxt bir-birindən ayırmasın!

Sən son gedişində belə hamını məzarın üstündə birləşdirməyi bacardın!

Elxan Şükürlü