Ötən gün Kabil hava limanında terrorçu-kamikadze tərəfindən törədilən partlayışın ardınca Taliban ölkənin bütün hava limanlarında təhlükəsizlik nəzarətini gücləndirməyə başlayıb. Xatırladaq ki, partlayış nəticəsində 100-dən çox insan həyatını itirib, 200-dən çox insan yaralanıb. Maraqlıdır ki, ölənlər arasında həm Taliban əsgərləri, həm də ABŞ hərbçiləri olub.
Ortaya sual çıxır: ABŞ-ın ölkəni tam tərk etmək ərəfəsində bu partlayış kimə sərf edir? Terrorun arxasında Talibanın dayandığını söyləmək mümkün deyil. Çünki hərəkat ölkəni tam ələ alandan sonra vəziyyətə də tam nəzarət etdiyi görüntüsü yaratmaqda maraqlıdır. Digər tərəfdən, sözsüz ki, ABŞ da ölkəni belə biabırçı şəkildə tərk etmək istəməzdi. Beləliklə, partlayışda bu iki qüvvənin hər birinin ziddində duran qüvvənin əli olmalıdır.
Qeyd edək ki, artıq terror aktının məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. Türkiyə tərəfi də, ABŞ da terrorda İŞİD-in Xorasan qolunun dayandığı və bunun arxasında böyük güclərin olduğunu iddia edir. Amma İŞİD-in var olduğunu göstərmək üçün dünyada baş verən bütün səs-küylü hadisələri öz üzərinə götürdüyü də məlumdur.
Terrorun kimin əməli olduğu və bundan sonra baş verə biləcəklərlə bağlı azərbaycanlı siyasi şərhçi, Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan EdNews.net-ə açıqlama verib.

Sədrəddin Soltanın sözlərinə görə, Əfqanıstanda Talibanın hakim qüvvəyə çevrilməsini istəməyən tərəflər yenidən İŞİD-i alət olaraq istifadə etməyə başlayıb: “Bağdadinin öldürülməsindən sonra vaxtilə sönmüş vulkana çevrilən İŞİD-in Xorasan qolu yenidən aktivləşərək peyda olmağa başlayıb. Talibana qarşı ərazi və xəlifəlik iddia edən terrorçu təşkilat Talibanla baş-başa gəlmək istəyir və ölkədə ayrıca bir qarışıqlıq salmaqla özünü hakim qüvvə kimi göstərməyə çalışır.
Görünür, Talibanın ölkədə özünü hakim qüvvə elan etməsindən təlaşlanan ABŞ, Rusiya, Çin və Hindistan kimi güc dövlətləri İŞİD-in baş qaldırmasında bir qədər maraqlıdır. Burada əslində ABŞ-da çox maraqlı ola bilər. Çünki ABŞ-ın gözləntiləri Talibanın güclənərək böyüməsi deyildi, əksinə ölkədə daimi bir gərginliyi sabit xətt üzrə saxlamaq idi. Səbəb isə bəllidir”.
Bundan əlavə politoloq partlayışın arxasında dayanan əsas qüvvələrin məqsədləri və onları narahat edən məsələlərə də toxunub.
“Deyə bilərəm ki, ABŞ dolayı yollarla idarə etdiyi İŞİD-i yenidən taliblərin üzərinə yeridir. Hazırda isə partlayışın birbaşa səbəbkarı kimi vaxtilə İranın Xorasan vilayətini nəzərdə tutan, orada xilafət yaratmaq iddiaları ilə meydana gələn İŞİD-in Xorasan qolu hədəfə götürülüb.
Ayrı bir bucaq altından baxanda İŞİD-in Xorasan qolunun yenidən gündəmə gəlməsi əslində İranı da bərk narahat edib. Bu gün Kabil hava limanında yeni terror oyunu ilə ortaya çıxan və Talibana qarşı hakimiyyət iddiası irəli sürən İŞİD varlığını yenidən elan etməklə İran üçün bir göz dağı ola bilər. Bundan əlavə, İranın prinsiplərinə və ərazi bütövlüyünə təhdid olan İŞİD məhv olmadığını bir daha sübut etmiş oldu” – deyə, o, əlavə edib.

