Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsi birbaşa Azərbaycan–Ermənistan sərhədlərinin dəqiq müəyyənləşdirilməsindən asılıdır. Delimitasiya və demarkasiya prosesi reallıqda təkcə texniki xətt çəkilişi deyil, onilliklər boyu qalan siyasi ziddiyyətlərin aradan qaldırılması anlamına gəlir. Mövcud gərginliklər, qarşılıqlı ittihamlar və bəzi erməni rəsmilərinin populist çıxışları isə prosesin həssas məqamlarını daha da qabardır. Uzun illərdən sonra ilk dəfə olaraq region real, davamlı sülhə bu qədər yaxın olduğu bir vaxtda məsuliyyətli davranış və rasional yanaşma hər iki tərəf üçün həyati əhəmiyyət daşıyır.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya–demarkasiya prosesi yekunlaşana qədər sərhəd mübahisələrinin tam aradan qalxması gözlənilmir.

Onun sözlərinə görə, iki ölkə arasında tarixi dövlət sərhədlərinin olmaması bu gün aparılan prosesi həm mürəkkəbləşdirir, həm də gecikdirir:
“SSRİ dövründə respublikalar arasında yalnız inzibati ərazi bölgüsü aparılmışdı. İndi isə faktiki olaraq olmayan dövlət sərhədlərini yenidən formalaşdırmaq lazımdır. Bu səbəbdən mübahisəli ərazilərin olması da təbiidir və bu, davam edəcək. Ermənistan müdafiə nazirinin hansısa ‘erməni torpaqlarının’ guya Azərbaycan tərəfində qalması barədə dedikləri ilk dəfə deyil – erməni rəsmiləri illərdir eyni iddiaları səsləndirirlər. Lakin yolverilməz məqam odur ki, onlar hələ də Azərbaycanın Ermənistanın guya 200 kvadrat kilometr ərazisini ‘işğal etdiyini’ iddia edir. Digər iddiaya görə, Azərbaycan 2021–2022-ci illərdə guya 100 kvadrat kilometr ərazini nəzarətə götürüb. Aydındır ki, hər iki tərəfdə bir-birinə aid olan torpaq sahələri var, bunu heç kim danmır. Amma bu məsələni “işğal” kimi təqdim etmək sağlam və sülh prosesinə uyğun yanaşma deyil. Ermənistan rəsmilərinin belə açıqlamaları yalnız həmin ölkədə revanşist ovqatı gücləndirir. Azərbaycan Prezidentinin köməkçisinin İrəvana yönəlik mesajında da açıq şəkildə bildirildi ki, Azərbaycan müharibəyə hazırlaşmır, müharibəni bağlanmış səhifə sayır və regionda uzunmüddətli sülhün tərəfdarıdır. Belə bir siyasi xətt qarşısında “işğal” ritorikasının davam etdirilməsi qəbuledilməzdir”.
Aydın Quliyev ərazi mübadiləsi ehtimalına da münasibət bildirib:
“Əgər Ermənistanda Azərbaycana, Azərbaycanda isə Ermənistana aid ərazi qalıbsa, delimitasiya prosesi çərçivəsində müxtəlif həll variantları müzakirəyə çıxarıla bilər. Buraya ərazilərin dəyişdirilməsi də daxildir. Bu zaman həmin ərazilərə köçəcək insanların rəyi, yaşayış şəraiti, təhlükəsizliyin təmin olunması və digər mühüm amillər nəzərə alınmalıdır. Əsas məsələ odur ki, obyektiv səbəblərdən həllini gözləyən məsələlər revanşçılıq və daxili siyasi məqsədlər üçün alətə çevrilməsin”.
//Gülnarə Abasova, Editor.az

