“Üçtərəfli görüşün olacağı barədə informasiyalar yayılanda bunun mümkün olmayacağı, Ermənistan üçün biabırçı bir tarixdə yenidən hansısa sülhə doğru addımlar atılacaq müqavilənin imzalanmasının məntiqə zidd olduğu gün kimi aydın idi. Hətta Peskovun görüşün telekonfrans yolu ilə baş tutacağı ilə əlaqəli sonrakı bəyanatı nə qədər rəsmi ağızdan verilən bəyanat olsa da, hesab etmək olurdu ki, görüşün keçirilməsi şübhə altındadır. Səbəb isə imzalanacağı deyilən Zəngəzur dəhlizinin açılması, Azərbaycan-Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası haqqında müqavilənin siyasi çəkisinin ağırlığıdır ki, belə bir sənədin imzalanması gələcək “sülh müqaviləsinin” əsasını təşkil edəcək. Bu baxımdan, belə bir sənəd tərəflərin bir-birilərinə inam və etimad etdikləri bir şəraitdə üz-üzə, canlı şəkildə imzalanmalı idi, nəinki onlayn və virtual şəraitdə…”
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, üçtərəfli görüş üçün əgər deyilən kimi məqbul siyasi mühit varsa, ilin sonuna doğru üz-üzə keçiriləcəyini gözləmək olar:
“Siyasi prosesləri yenidən konstruktiv məcraya yönəltmək üçün hesab edirəm ki, Rusiya və Ermənistana yenidən ciddi hərbi təzyiq göstərmək lazımdır. Rusiya və Ermənistan müharibənin qaynar fazasının artıq bitdiyi qənaətindədirlər və ona görə də prosesləri uzatmaq, hətta sabotaj etməyə çalışır, 9 noyabr müqaviləsinin şərtlərindən yayınmağa çalışırlar. Bu səbəbdəndir ki, Ermənistanın müdafiə naziri Qarabağa qanunsuz səfər edir, müqavilənin şərtlərini heçə endirməyə çalışır və bununla da Azərbaycana təzyiq etməyə çalışırlar”.
Siyasi analitik qeyd edib ki, Ermənistanın bundan sonra Azərbaycanla əlaqələrin bərpası və yaxşılaşdırılması ilə əlaqəli hansısa müqavilələrə imza atması regionda maraqları olan dövlətlərin və qüvvələrin əlini zəiflədir:
“Bu baxımdan, Paşinyan atacağı imzaya görə çalışır ki, onlardan imtiyazlar qoparsın. Hesab edirəm ki, görüş hələlik buna görə uzanır. Çünki Azərbaycanın tələb və istəyi məlumdur. Zəngəzur dəhlizi açılsın, Ermənistan “sülh müqaviləsi” imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü tanısın, sərhədlər müəyyən edilsin. Fikrimcə, Zəngəzur dəhlizinin açılmasında problem yoxdur. Problem sərhədlərin müəyyən edilməsində ola bilər. Azərbaycan tərəfi hələ ki proseslərə sakit və konstruktiv yanaşma nümayiş etdirir, sülh mesajları verir, amma hərdən “dəmir yumruğu” yada salmaqdan da çəkinmir. Bu, bir müddət davam edə bilər, amma uzanması durumunda Azərbaycanın ciddi fəaliyyətə keçəcəyi, sərt ritorika nümayiş etdirəcəyi mütləqdir. Ermənistan nə qədər Azərbaycanın dediklərini tez yerinə yetirsə, bir o qədər qazanmış olacaq, təbii ki, regionun digər dövlətləri. Görünən odur ki, Ermənistan və havadarları son kartlarını oynayırlar, amma prosesin sonda Azərbaycanın istədiyi kimi nəticələnməsi şübhəsizdir, çünki Azərbaycanın mövqeyi və istəyi regionun gələcəyi üçün ən məqbul yoldur”.
//Gülnarə Abasova, Editor.az

