Demokratik inkişaf yolunda İRƏLİLƏYİRİK: ” Azərbaycan bu gün söz, mətbuat, sərbəst toplaşma azadlığının təmin edildiyi ölkələr sırasındadır”backend

Demokratik inkişaf yolunda İRƏLİLƏYİRİK: ” Azərbaycan bu gün söz, mətbuat, sərbəst toplaşma azadlığının təmin edildiyi ölkələr sırasındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi sərəncamla ölkəmizdə mətbuat üzərində senzura ləğv edildi, KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi dövlət siyasətinin əsas proritetlərindən birinə çevrildi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat  azadlığı təmin olunub, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şərait yaradılıb. Jurnalistlərin peşəkarlıq səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Lakin bu istiqamətdə görülən işlərə baxmayaraq hələ də Azərbaycanda azad mətbuatın inkişafından narazı olanlar var.

Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə bağlı Editor.az-ın suallarını cavablandırıb. Millət vəkilinin sözlərinə görə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir:

“Bu yolda hansı dövlət iddia edir ki, onun demokratiyası zirvədədir, bu,  yanlış yanaşma olar. Çünki demokratiyanın son nöqtəsi yoxdur. Bu, bir prosesdir və əsas məsələ yolda irəliləyərək demokratik hüquq və azadlıq sistemini formalaşdırmaqdır.  Azərbaycanda bu yolu  Ulu Öndər Heydər Əliyev müəyyən edib. Bu istiqamətdə atılan ilk addım ölüm hökmünün ləğvidir. Bu gün özünü demokratiyanın carçısı hesab edən bir çox dövlətdə hələ də ölüm hökmü mövcuddur. Daha sonra  Azərbaycanda sezura ləğv olunub. Bu gün ölkəmizdə əhalinin təxminən 80 faizi internet istifadəçisidir və bu gün sosial şəbəkə istifadəçiləri istədiyi fikri yaza bilir, mövqeyini ifadə edə bilir. Bu məntiqlə söyləmək olar ki, Azərbaycan bu gün söz, mətbuat, sərbəst toplaşma azadlığının təmin edildiyi ölkələr sırasındadır. Azərbaycanda hər bir şəxsin öz fikrini ifadə edə bilməsi üçün tam azadlıq var. Sosial şəbəkədən istifadə edən şəxslər nəinki fikrini ifadə edir, hətta təhqirə yol verir, insanların şərəf və ləyaqətini də alçalda bilir. Buna görə həmin şəxslərə  heç bir təzyiq də yoxdur”.

Elman Nəsirov Azərbaycanda sərbəst toplaşmaq azadlığının da tam təmin edildiyini diqqətə çəkib:

“Bəzi müxalif dairələr məhz bu məsələdə ölkəmizi ittiham edirlər. Qaradağ rayonu ərazisində müxalifətin öz mitinqlərini rahat şəkildə təşkil  etməsi üçün stadion ayrılıb. Qaradağ Bakının ərazi baxımından ən böyük rayonudur. Ancaq nədənsə müxalifət orada mitinq keçirtmək istəmir. Səbəb isə  odur ki, müxalifətin sosial bazası yoxdur. Onlar istəyirlər ki, şəhərin mərkəzində küçədən keçən, avtobusdan düşən, metrodan çıxan insanlar belə həmin prosesin mərkəzinə düşmüş olmuşlar. Bununla da şəkillər çəkib fon yaradırlar ki, guya bu qədər insan  mitinqin iştirakçısıdır. Azərbaycanda bu gün Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi demokratik inkişaf siyasətini uğurla davam etdirir. Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb, yeni siyasi dialoq mühiti yaranıb. Ölkədə müxalifət və iqtidar partiyaları ən mühüm məsələləri qarşılıqlı anlaşma yolu ilə müzakirə edirlər.  İkinci Vətən müharibəsində də bu bir daha öz təsdiqini tapdı”.

Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli saytımıza açıqlamasında bildirib ki, ölkəmizdə söz, fikir və mətbuat azadlığı ilə bağlı görülən işləri yüksək qiymətləndirir:

“Hərçənd, Əli Həsənovun vəzifədə olduğu müddətdə yaranan və bir qəlibə çevrilən problemləri həll etmək çox çətindir. Çünki uzun illər mətbuatla bağlı vəziyyətlə o dərəcəyə çatıb ki, bu işlər kompleks şəkildə aparılmalıdır. Sevindirici haldır ki, bu gün Medianın İnkişafı Agentliyi bu istiqamətdə var qüvvəsi ilə çalışır. İstər söz və mətbuat azadlığı ilə bağlı, istərsə də jurnalistlərin hüquqlarının qorunması ilə əlaqədar layihələr həyata keçirir. Kurslar, treninqlər təşkil edir, maarifləndirmə ilə bağlı əməli fəaliyyət göstərir. Eyni zamanda, problemlə üzləşən media nümayəndələrinin səsinə vaxtında reaksiya verir. Onların problemlərinin həll olunmasında bilavasitə iştirak edir.
Yeni qəbul olunmuş “Media haqqında” Qanun da Azərbaycanda söz, fikir və mətbuat azadlığının qorunması istiqamətində atılmış mütərəqqi addımdır. Biz bu qanundan doğan reallıqları və bu sahədə olan inkişafı yaxın vaxtlarda müşahidə etməyə başlayacağıq. Bu işə çomaq soxanların isə niyyətləri ürəklərində qalacaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.