“Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bir sıra ciddi məqamlara aydınlıq gətirdi. Eyni zamanda, Ermənistanın danışıqlar prosesi istiqamətində müsbət addımlar atmaq əvəzinə, danışıqlar prosesinin bütün incəliklərini ictimaiyyətə açıqlanması adı altında gedişata zərər verə biləcək informasiyalar yaydığını bəyan edib”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, xarici işlər naziri Ceyhun Bayramov bu məlumatı yaymaqla rəsmi İrəvanın danışıqlar prosesinə səmimi yanaşmadığını göstərməyə çalışır:
“Bəzən dövlətlərarası münasibətlərdə xüsusilə də münaqişə tərəflərində danışıqlar prosesinin bütün incə detallar dəqiqləşdirilərək sülh müqaviləsi imzalana qədər bir sıra məqamların gizli saxlanılmasına ehtiyac yaranır. Bunun əsas səbəbi ondan ibarətdir ki, dünyada bir sıra güclər, Ermənistandakı qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, bölgədə münaqişə mühitinin aradan qalxmasını istəmirlər. Hətta Ermənistanın revanşist qüvvələri iki ölkə arasındakı gərginliyi özlərinin biznes layihəsinə çeviriblər. Uzun illərdir çox böyük həcmdə gəlir də əldə edirlər”.
Politoloq qeyd edib ki, indiki şəraitdə Ermənistan-Azərbaycan münasibətlərində əldə olunmuş müsbət qərarlarla bağlı ictimaiyyətə məlumatların sızdırılması həmin qüvvələrin proseslərə kifayət qədər ciddi təsiretmə imkanlarını yaratmaqla yanaşı, həm də Ermənistan siyasi hakimiyyətində ictimai qınağa çevrilməmək üçün “biz sürətli və çevik addımlar ata bilmirik” imkanları formalaşdırmaq məqsədi daşıyır:
“Bu həm də mövcud hakimiyyətin danışıqlar prosesi ilə bağlı “görüntü” xarakterli davranışlarını da üzə çıxarır. Vəziyyət belə davam edərsə, bu, Ermənistanın proseslərin uzanmasına istiqamətlənmiş addımı kimi xarakterizə olunacaq. Bəzi sosial şəbəkə iştirakçıları bunu demokratik mahiyyət daşıdığını, xalqa hesabat vermək məsuliyyətindən irəli gələn davranış kimi qiymətləndirməyə çalışırlar. Amma demokratik dəyərlərlə bağlı prinsiplər hakimiyyətin mənbəyinin xalq olduğunu və hakimiyyətin xalq qarşısında hesabatlığını tələb edir. Lakin bu hesabatlılıq ən xırda detallara qədər cəmiyyət qarşısında məlumatlılığı deyil, zəruri qərarlar vermək ərəfəsində cəmiyyətin rəyinin alınmasını özündə əks etdirir. İndiki halda Ermənistan hakimiyyəti həm danışıqlar prosesini ləngidir, həm də özünün hakimiyyətini möhkəmləndirmək, demokratik imicini formalaşdırmaq üçün bu vəziyyətdən yararlanmağa çalışır. Bunlar hamısı mənasız addımlardır. Həm beynəlxalq ictimaiyyət, həm Azərbaycan cəmiyyəti, həm də Ermənistanın ayılmış, prosesləri düzgün dərk edən şəxsləri rəsmi İrəvanın bu addımlarının ikiüzlülük, riyakarlıq olduğunu başa düşürlər. Adekvat reaksiya da nümayiş etdiriləcək”.
//Safura Bənnayeva, Editor.az

