Demokratiyadan xəbərsiz “demokratik ölkə”: “Paşinyan bu məsuliyyəti əvvəlki hakimiyyətin üzərinə atmaq istəyir “backend

Demokratiyadan xəbərsiz “demokratik ölkə”: “Paşinyan bu məsuliyyəti əvvəlki hakimiyyətin üzərinə atmaq istəyir “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni baş nazirin bu açıqlamalarında bir neçə niyyət güdülür. Paşinyan əsas rəqiblərinin Köçəryan-Sərkisyan cütlüyünün rəhbərlik etdiyi “Qarabağ klanı” olduğunu yaxşı bilir, Rusiyanın ona qarşı hər zaman bu kartı əlində saxladığını görür”.

Bu fikri Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlaması zamanı qeyd etdiyi “Ermənistanda demokratiyanın olmaması və ya ona olan münasibət bizim hamımıza Qarabağ məsələsində həqiqəti bilməyə mane olub. Bu səbəbdən indi biz demokratiya şəraitində Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik. Məlum bəyanatların yeni mənaları, kontekstləri və təfərrüatları üzə çıxır”, fikirlərinə münasibət bildirərkən deyib.

O, Paşinyanın bu fikirlərlə getdiyi hiyləgər siyasi gedişlərə toxunub:

“Özünün onlardan əsas fərqinin məğlub görünməsidir ki, bunu da Ermənistanın hökumət başçısı bilməmiş deyil. Yəni, “Qarabağ klanı”nın liderləri kənar güclərin böyük dəstəyi ilə Azərbaycanı təkləyib Qarabağı işğal edən şəxslərdir, Paşinyan kimdir bəs? II Qarabağ savaşında qəhrəman ordumuz tərəfindən darmadağın edilən bir ordunun mənsub olduğu ölkənin baş naziridir. Məğlubiyyət isə, yetim olur və ona heç kəs sahib çıxmır. Nikol da yaxın gələcəkdə bu məğlubiyyətin hesabının ondan sorulacağını yaxşı bildiyi üçün indidən bunun məsuliyyətini həm də özündən əvvəl Ermənistana rəhbərlik edənlərə yükləmək istəyir. Burada da müəyyən qədər haqlı tərəfləri də var. O çox gözəl görür ki, Azərbaycan tərəfi durmadan Qarabağ münaqişəsində sülh sazişinə doğru əmin addımlarla irəliləyir. Doğrudur, erməni baş nazirin fikirlərində həqiqət payı az deyil. Xüsusilə, demokratiya məsələsində. Paşinyan inqilab yolu ilə hakimiyyətə gələn və hakimiyyətdə olduğu vaxtlarda qismən də olsa demokratik seçki keçirən liderdir, bunu da indi hər addımbaşı gözə soxmağa çalışır. Diplomatik masada da Azərbaycan tərəfinə uduzan Paşinyan durmadan ölkəsində nüfuz itirdiyini yaxşı görür. Burada ölkəsini beynəlxalq aləmdə sığortalamaq niyyəti də güdülməmiş deyil. Durmadan Qarabağ həqiqətlərinin dünya tərəfindən qəbul olunduğunu, artıq xaricdəki erməni diasporalarının da fəaliyyətinin əvvəlki kimi effektiv olmadığını görür. Belə ki, yaxın vaxtlarda Azərbaycan tərəfini tam şəkildə qane edən sülh əldə edilən zaman hiyləgər baş nazir hər şeyi özündən əvvəlki rəhbərlərin dövründə demokratiyanın olmadığı bəhanəsiylə ictimaiyyətə sırıyacaq. Amma bu da riyakarlıqdan başqa bir şey deyil”.

Partiya funksioneri bir məsələni xüsusi olaraq xatırlatdı:

“2018-ci ildə iqtidara gələn Nikol 2020-ci ilin II Qarabağ savaşına qədər münaqişənin həlli istiqamətində hansı addımları atdı? Biz bir neçə dəfə onun dilindən müharibəyə qədər Azərbaycan tərəfini qıcıqlandırmaq, qəzəbləndirmək üçün “Artsax Ermənistandır” ifadəsini, səsləndirdiyi “miatsum” şüarını eşitmişik və unutmamışıq. Onun dilini kəsən Azərbaycan Ordusu oldu. Əks halda müharibə olmasaydı, yaxud qalib gələ bilməsəydik, Paşinyan belə fikirlər səsləndirəcəkdi? Onun heç bir fikrinə inanmaq olmaz. Son nöqtəni qoyana, Xankəndinə bayrağımızı sancana qədər getməliyik. Bir an da dayanmaq olmaz. Erməni xisləti məlumdur. Qətiyyən başlarını qaldırmağa imkan vermək olmaz”.

//Safura Bənnayeva, Editor.az