Böyük Britaniya dənizdə Ukraynaya dəstək üçün yeni koalisiyaya rəhbərlik etmək üçün Norveçə qoşulacağını açıqlayıb.
Editor.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kral Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəminin – “Sandaun” sinifli mina ov gəmilərinin (MCMV) Kiyevə təhvil verilməsi barədə göstəriş verib.
“Yeni koalisiya Qara dənizdə təhlükəsizliyi gücləndirmək üçün Ukraynaya uzunmüddətli dəstək, o cümlədən təlim, avadanlıq və infrastruktur təmin edəcək”, – Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Departament hesab edir ki, uzunmüddətli perspektivdə koalisiya Ukraynaya dəniz qüvvələrini NATO ilə daha uyğunlaşdırmağa kömək edəcək. Bildirilir ki, koalisiya Ukrayna ilə Qara dənizə sürətli yerləşdirmə təlimlərində və sahilyanı ərazilərin mühafizəsi üçün dəniz piyadalarının döyüş hazırlığının artırılmasında əməkdaşlıq edəcək.
Razılıq Ukraynanın müdafiəsi üzrə təmas qrupunun noyabr görüşündə əldə olunub. Minaaxtaran gəmiləri Kiyev Böyük Britaniyanın İxrac Kredit Agentliyinin köməyi ilə alacaq. Transfer 11 dekabr bazar ertəsi Qrant Şapps tərəfindən rəsmi olaraq elan ediləcək.
//Samir Qurbanov, Editor.az

