“Depressiya cəmiyyətdə ən çox rast gəlinən psixoloji pozuntulardan biridir”- AÇIQLAMAbackend

“Depressiya cəmiyyətdə ən çox rast gəlinən psixoloji pozuntulardan biridir”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Depressiya insanın özünü psixoloji cəhətdən yaxşı hiss etmədiyi, çox uzun müddət davam edən və gündəlik həyata təsir edə bilən bir psixoloji xəstəlikdir. Motivasiyanın olmaması, dəyərsizlik hissləri, bədbinlik, bədbəxtlik, günahkarlıq hissi, ölüm və intihar düşüncələri depressiyanın əlamətlərindəndir”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq depressiyanın cəmiyyətdə ən çox rast gəlinən psixoloji pozuntulardan biri olduğuna diqqət çəkib:

“Araşdırmalara görə, ümumi əhali arasında həyatda ən az bir dəfə rastlaşma nisbəti yüzdə 15-20 % arasındadır. Qadınlarda depressiya kişilərə nisbətən demək olar ki, iki dəfə çox olur. Hər 4 qadından birinin və hər 10 kişidən birinin həyatında ən azı bir dəfə depressiyaya düşdüyü bildirilir”.

L.Əli bildirib ki, depressiya diaqnozu bir mütəxəssis tərəfindən qoyulmalı və müalicə edilməli olan psixoloji bir xəstəlikdir. Onun sözlərinə görə, depressiyada olduğunu düşünən insan mütləq bir mütəxəssisdən kömək almalıdır.

Psixoloq depresiyyanın əlamətlərinə geniş şəkildə toxunub:

“Daim kədərli və ya depressiv əhval-ruhiyyə;

Zövq aldığı fəaliyyətlərdən əvvəlki kimi zövq almamaq;

Pəhrizlə əlaqəli olmayan çəki itkisi və ya artımı;

Çox yatmaq və ya yatmaqda çətinlik çəkmək;

Enerji itkisi;

Bədbinlik və ya acizlik hissləri;

Dəyərsizlik hissi;

Demək olar ki, hər şeydə özünü günahkar hiss etmək;

Düşünmək, konsentrasiya etmək və qərar qəbul etməkdə çətinlik;

Təkrarlanan ölüm və ya intihar düşüncələri;

Cinsi istəksizlik;

Özünə qarşı dəyərin azalması ”

“Dərman terapiyası və ya psixoterapiya depressiyanın müalicəsində fəal şəkildə istifadə olunan üsullardır. Bu iki üsul ayrı və ya birlikdə tətbiq oluna bilər”,- deyə L. Əli sözlərini yekunlaşdırıb.

//Gülnarə Abasova, Editor.az