Deputat: Bu gün işğalçı Ermənistanı qorumaq əvəzinə, ona təzyiq göstərmək, sanksiyalar tətbiq etmək lazımdırbackend

Deputat: Bu gün işğalçı Ermənistanı qorumaq əvəzinə, ona təzyiq göstərmək, sanksiyalar tətbiq etmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Otuz ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmayıb. Əksinə, mövcud status-kvonu saxlamaq üçün bir sıra çirkin yollara baş vuran işğalçı ölkə, eyni zamanda, müxtəlif vaxtlarda hərbi təxribatlara da əl atıb. Düşmənin sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat isə demək olar ki, onun sonu oldu. Bu təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları nəticəsində bu günədək bir sıra şəhər, kənd və qəsəbələr düşmən işğalından azad edilib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən sonra aciz, rəzil duruma düşən düşmən ölkənin baş naziri Nikol Paşınyan bir tərəfdən döyüşlərin dayandırılması üçün xarici ölkələrin rəhbərlərinə yalvarır, digər tərəfdən isə Ermənistanın faşist mahiyyətinə uyğun olaraq mülki əhalini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutur. “İşğalçı Ermənistan atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq azad olunmuş əraziləri yenidən işğal etməyə cəhd göstərir, prosesi qarşıdurmanın davamına doğru yönəldir. Ancaq işğalçı ölkənin rəhbərliyi artıq bu həqiqəti qəbul etməlidir ki, işğal altında olan bütün ərazilər azad edilməli, Ermənistan ordusunu geri çəkməli və işğal altındakı əraziləri boşaltmalıdır. Yalnız ondan sonra siyasi nizamlama prosesinə keçmək olar”, – deyə Vüqar İskəndərov diqqətə çatdırıb.
O qeyd edib ki, işğalçı ölkənin bu cür dağıdıcı, faşist mahiyyətli addımlar atmasının əsas günahkarlarından biri də başda BMT olmaqla bir sıra beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu günə qədər işğalçıya qarşı hər hansı təzyiq mexanizminin işə salınmaması Ermənistanı daha da azğınlaşdırıb. Halbuki, Ermənistana qarşı beynəlxalq güclər tərəfindən sanksiya tətbiq oluna bilərdi. Sual oluna bilər ki, bəs Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? Qeyd edim ki, oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bu məqama da toxunan Prezident İlham Əliyev “O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, İraqın ərazisi uçuşların qadağan edildiyi zonaya çevrildi, insanlığa qarşı cinayətlər törətmiş hərbi canilər məhkəməyə cəlb edildi, mühakimə olundu. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi” deyib. Bəli, dünya birliyinin bu günə kimi işğalçıya qarşı sərt davranmaması, siyasi iradə və istək nümayiş etdirməməsi bugünkü durumun yaranmasına səbəb olub. Amma indi də gec deyil. Başda BMT olmaqla, aparıcı ölkələr və beynəlxalq təşkilatlar bu gün işğalçı Ermənistanı qorumaq deyil, ona təzyiq göstərmək, sanksiyalar tətbiq etmək barədə düşünməlidirlər.