“Deportasiya edilmiş xalqların öz tarixi torpaqlarına qayıtması beynəlxalq hüquqda nəzərdə tutulub. Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınır və onu bütün ölkələr, o cümlədən deportasiya edilmiş xalqların yerləşdiyi ölkələr üçün hüquqi məcburi tələbə çevirir. BMT-nin əsas prinsiplərindən biri də Yerli Xalqların Hüquqları Haqqında Bəyannaməsidir”.
Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, burada təsbit edilən hüquqların hamısı fundamental insan haqları kimi müdafiə olunan bəşəri dəyərlər toplusuna aiddir. Millət vəkili bildirib ki, BMT konvensiyasının vacib prinsiplərindən biri də bütün dünya dövlətlərinin yerli xalqların hüquqlarını, onların tarixi və mədəni irsinin qorunması və hörmət edilməsini təmin etməkdir ki, son illər bunun üçün təsirli tədbirlər görülməsinə ehtiyac yarandığı BMT-nin özü tərəfindən etiraf edilir:
“Azərbaycanlıların öz tarixi torpaqlarına – hazırda Ermənistanın tərkibində olan Qərbi Azərbaycana qayıtması mövzusu ölkəmiz üçün həmişə siyasi baxımdan həssas məsələ olub. Ancaq Azərbaycanın suveren ərazisinin 20 faizinin erməni işğalı altında olduğu dövrdə rəsmi Bakı bu məsələni indiki qədər gündəmə gətirə bilmirdi. Ölkəmizin bütün potensialı işğal altındakı suveren ərazilərimizin azad edilməsinə yönəlmişdi. Azərbaycanın ərazi bütövlüyü tam təmin edildikdən sonra bu məsələ aktuallaşıb. Rəsmi Bakı sovet və postsovet dövründə öz doğma yurdlarından didərgin salınmış yüz minlərlə azərbaycanlının vətənə qayıtmaq hüququnu tələb edir. Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da bunu bir daha təsdiqləyib”.
Millət vəkili xatırladıb ki, Qərbi Azərbaycan İcmasının və “Azərbaycan–Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə keçirilən konfransa Azərbaycan və Türkiyədən 250-yə yaxın iştirakçı qatılıb: “Azərbaycan dövləti Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının sonsuzadək pozulmasına yol verməyəcəkdir. Dövlətimiz diplomatik, siyasi, bütün dinc üsullardan istifadə etməklə qayıdışın reallaşması istiqamətində səylərini dayanmadan artıracaq”.
//Gülnarə Abasova, Editor.az