“Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, sırağagündən qalmış çörək qurusu asılır. Yəni, ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq. Dünya o dünya deyil, sudan da ehtiyatla istifadə edilməlidir. Atmosfer dəyişir, kənd təsərrüfatı həm də iqlimdən, təbiətdən asılıdır. Ona görə də təbiəti qorumaq, ehtiyatlı istifadəyə meyillənmək lazımdır. Gəlin, çörəkdən, qidadan artıq alıb sonra xarab olduğu üçün heyvanlara verməyək”.
Editor.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputat bildirib ki, un məhsullarının, eləcə də çörəyin qiymətinin qalxması dövlətlə birbaşa əlaqəli deyil: “Dövlət, yəqin ki, problemin qarşısını almaq üçün kompensasiya edəcək. Hesab edirəm ki, belə problemləri önləmək üçün tədbirlər görmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə taxıl əkimi ilə məşğul olan dövlətlər daha bu işlə məşğul olmurlar. Beləliklə, taxıl istehsalı azaldığı üçün dünya bazarında taxılın qiymətində də artım baş verir. Üstəlik, bəzi Çin kimi dövlətlər dünya taxıl ehtiyatının 60 faizini ələ keçirib, ehtiyat fondu yaradıblar. Bu, dünya üçün böyük problemdir. ABŞ da dünya qarğıdalı ehtiyatını təxminən 55-60 faizinə sahibdir. Azərbaycanda isə taxıl ehtiyatı təxminən 3-4 aylıqdır. Bu, əlbəttə ki, azdır. Bizə heç olmazsa, minimum bir illik taxıl ehtiyatına sahib olmaq lazımdır. İnşallah, yaxın günlərdə Ziyad Səmədzadə ilə birlikdə bu sahə ilə əlaqəli elmi konfrans təşkil etməyi planlaşdırırıq”.