Deputat: “Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır”backend

Deputat: “Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlin altı ayının yekunlarına həsr olunan müşavirədə möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin Qarabağ, sülh, status barədə söylədiyi fikirlər çox ciddi mesajlardır və hesab edirəm ki, hər kəs, xüsusən də, Ermənistan rəhbərliyi həmin mesajlardan nəticə çıxarmalıdır”.

Editor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

Onun sözlərinə görə, həqiqətən də 44 günlük müharibənin gedişində və sonunda Ermənistan rəzil günə qalmışdı. Ona görə də tez-tələsik kapitulyasiya aktına imza atdı, geri çəkildi, məğlubiyyətini etiraf etdi, bəlli şifahi razılaşmalara əməl edəcəyini söylədi.

“İndi isə vəziyyət bir az sakitləşib deyə həmin verdiyi sözlərdən qaçmağa, öhdəliklərdən yayınmağa, zaman udmağa çalışır. Hələ utanmaz-utanmaz status söhbəti də edirlər. Daha doğrusu, belə fikirləri baş nazirin, xarici işlər nazirinin, digər məmurların dilindən səsləndirirlər. Hərgah, özləri də gözəl bilirlər ki, belə şey mümkün deyil. Olmayacaq status, ola da bilməz. Qarabağ Azərbaycandır. Qalib tərəf Azərbaycandır. Diqtə edən tərəf Azərbaycandır. Ermənistan bu reallığı dərk etməli və taleyi ilə barışmalıdır. Yox, əgər barışmasa, o zaman “dəmir yumruğun” yeni dalğası qaçılmaz olacaq.

Eyni zamanda, cənab Prezident çox doğru qeyd etdi ki, status məsələsi çox uzansa, biz də Zəngəzurun statusunu tələb edə bilərik. Hansı ki, 1920-ci ildə bizdən zorla qoparılıb. Bəli, gerçək olan da budur. Azərbaycanın hər zaman deməyə sözü və haqqı var. İndiyə qədər bütün haqsızlıqları, qəsbləri, işğalları Ermənistan edib. Bundan sonra isə daha belə qəsblərə, işğallara imkan verilməyəcək. Bundan sonra Ermənistan hər səhvinin və məsuliyyətsizliyinin cavabını alacaq, bədəlini ödəyəcək. Azərbaycan nə desə, nə diktə etsə, Ermənistan tərəfi onunla hesablaşmağa məcbur olacaq”, – deputat qeyd edib.

//Trend