backend

Deputat Jalə Əliyeva: "Adamı dəhşət bürüyür"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulunun gecikdirilməsi müxtəlif sualların yaranmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, sözügedən qanun layihəsi ikinci oxunuşdan keçib. Editor.az “Olaylar” a istinadən xəbər verir ki, sənədin hər iki oxunuşda müzakirəsi zamanı istər Səhiyyə Nazirliyinin təmsilçiləri, istərsə də millət vəkilləri birmənalı olaraq belə bir qanunun qəbulunun vacib olduğunu, üstəlik sənədin sosial sifariş əsasında ərsəyə gəldiyini bəyan ediblər. Hətta millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi birbaşa parlamentin sədri tərəfindən dəstəklənir. Lakin on illərlədir ki, belə bir qanunun qəbulu mümkün olmayıb. Maraqlıdır, əgər qanunun qəbulu sosial sifarişdirsə, onda hansı qüvvələr “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbuluna maheə törədir? Hansı ki, bu qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsin sədri Hadi Rəcəbli bildirib ki, artıq qanun layihəsi parlament tərəfindən qəbul olunmaq üçün tam hazırdır. Sənədin ikinci oxunuş zamanı millət vəkilləri tərəfindən səsləndirilən bütün irad və təkliflər baxılaraq, nəzərə alınıb. Komitə sədri ümumiyyətlə, adıçəkilən sənəd üzərində bir ildən artıq müddət ərzində iş aparıldığını və onun zaman-zaman təkmilləşdirildiyini dilə gətirib: “Çünki bu, çox vacib məsələdir. Cəmiyyətin bütün təbəqələrini maraqlanıran bir qanun layihəsidir. Onun hazırlanması, qəbulu da cəmiyyətin sosial sifarişindən irəli gəlib. Qeyd edim ki, bu, çox mübahisəli də bir məsələydi. Bu sənəd məhz spikerimiz Oqtay müəllimin yaxından dəstəyi nəticəsində müzakirələrə çıxarıldı. Ən böyük dəstək ondan gəlidi. Sonra digər komitələr də bu işə dəstək verdilər. Odur ki, ötən müddət ərzində bu sənəd üzərində gərgin iş aparılıb və söylənilən əksər irad və təkliflər onun təkmilləşdirilməsində nəzərə alınıb”.
Komitə sədri üçüncü oxunuşda bir sıra ciddi dəyişikliklərin edildiyini də nəzərə çatdırıb. Hadi Rəcəbli də deyib ki, qanun layihəsində nəzərdə tutulan “xüsusi ayrılmış yerlər” məsələsi ictimai yerlərdə siqaretin çəkilməsi məsələsini tənzimləyəcək.
Qanun layihəsində daha bir diqqətçəkən məqam tütün məmulatları tullantılarının ətraf mühitə atılmasının qadağan edilməsi ilə bağlıdır. Milli Məclisdən verilən məlumata görə,qanun layihəsi qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr müəyyənləşəcək.
Editor.az məsələ ilə bağlı tütün məmulatları tullantılarının-siqaret kötüklərinin ətraf mühitə yayılmasının qarşısının alınması təklifi ilə ilk dəfə çıxış edən millət vəkili, professor Jalə Əliyeva ilə danışıb. Deputat portalımıza açıqlamasında deyib ki, o, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini dəstəkləyir: “Mən bu sənədi dəstəkləyirəm və hər zaman da dəstəkləmişəm. Hesab etmişəm və edirəm ki, onun qəbulu çox vacibdir. Məni ən çox narahat edən məsələlərdən biri də siqaretin çəkilib kötüyünün hara gəldi atılmasıdır. Bu, məni çox narahat edir. Bir etika, ədəb məsələsi var. Hara ayaq basırsan siqaret kötüyü çıxır. Hətta, qəbiristanlığa əzizini ziyarət etməyə gedirsən, qarşılaşdığın mənzərədən adamı dəhşət bürüyür. Başa düşdük, kimsə dərdini ovundurmaq üçün siqaret çəkir, ancaq onun kötüyünü məzar daşının yanına tullamaq nə dərəcədə etikdir, nə qədər insanlıqdandır? Bu, çox yolverilməz haldır. Düşünürəm ki, bu məqamın qanun layihəsində əksini tapması çox önəmlidir”.
//Fərrux Xasayoğlu, Editor.az