Deputat: Münxendə müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun göstəricisidirbackend

Deputat: Münxendə müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun göstəricisidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münxendə müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun göstəricisidir.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır: “Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin liderlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri ölkənin beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycan Prezidentinin bu il də Münxen Təhlükəsizlik Konfransında iştirakı, keçirdiyi görüşlər bunu bir daha təsdiq edir”.

Vüqar İskəndərov bildirib ki, Konfrans çərçivəsində İlham Əliyevlə görüşlər haqqında müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir: “Ümumiyyətlə, biz Konfrans çərçivəsində Azərbaycan dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah edə bilərik. Bura dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri daxildir”.

Deputat qeyd edib ki, bu maraq və istək təbiidir: “Çünki əvvəla ona görə ki, Azərbaycan uğurlu və milli maraqlara əsaslanan xarici siyasəti ilə fərqlənir. Bizimlə kimsə şərt, yaxud güc dili ilə danışa bilməz. Azərbaycan həm də etibarl tərəfdaşdır. İqtisadi əməkdaşlıq, xüsusilə də enerji sahəsində əməkdaşlıqda heç zaman siyasi məsəlləri önə çəkmir. Bütün bunların fonunda xüsusilə qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşmasını da diqqətdən qaçırmaq olmaz. Yəni artıq dünya dövlətləri də görür ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almalıdır”.

Vüqar İskəndərov vurğulayıb ki, COP29 və Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər də ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir: “Prezident İlham Əliyevin də inaqurasiya mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur. Heç şübhəsiz ki, bu nüfuzun formalaşmasının əhəmiyyətli tarixçəsi də var. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə Azərbaycan dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi. İndi isə Azərbaycan COP 29-a ev sahibliyi etməyə hazırlaşır. Diqqətə çatdırım ki, COP 29 dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Bu tədbirə ev sahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi Azərbaycanın effektiv, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığına və güclü potensialına olan inamın nəticəsidir. Azərbaycanın bu bacarığı, əzmi dünya ictimaiyyəti tərəfindən təqdir olunur”.

APA