Deputat: “Peşəkarlıq, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər televiziya rəhbərlərini o qədər də maraqlandırmırbackend

Deputat: “Peşəkarlıq, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər televiziya rəhbərlərini o qədər də maraqlandırmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zaman qıtlığından televiziya verilişlərini izləmək imkanım olmur, lakin sosial şəbəkələrdə qarşıma müəyyən verilişlərdən hissələr çıxır ki, bu da ölkəmizdəki televeziya efiri barədə fikir formalaşdırmağa kifayət edir. Düşünürəm ki, müstəqil televiziya və radioların fəaliyyəti bir növ azad sözün göstəricisidir. Doğrudur, dövlət onların işinə müdaxilə etmir, amma bir müddətdir ki, müstəqil telekanalların fəaliyyətində xoşagəlməz meyillərin meydana çıxdığı müşahidə olunur. Təəssüf ki, ucuz və mənəvi dəyərlərə zidd şouların baş alıb getməsi, ciddi proqramlar ortaya qoymayan televiziyaların fəaliyyəti ölkənin ziyalı və intellektual təbəqəsini özündən uzaqlaşdırmaqdadır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat qeyd edib ki, tamaşaçı zövqünün formalaşmasında telekanalların rolu böyükdür: “Biz bu sahədə telekanallardan ciddi addımlar gözləyirik. Hesab edirəm ki, televiziyalar proqramların tərtibatında çox ciddi radikal dəyişikliklər etməlidirlər. Hər bir telekanal özlüyündə bir ideologiyanın daşıyıcısıdır, onların mənəvi dəyərlərə zidd fəaliyyətlərinin gələcəkdə hansı arzuolunmaz nəticələrə gətirib çıxaracağı göz qabağındadır. Xalqın gələcəyini düşünən televiziya kanalı milli-mənəvi dəyərlərin qorunmasına biganə qalmamalıdırlar. Hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yenilənir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləri olmalıdır. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır. İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələ televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Artıq teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər belə ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını gücləndirməkdir. Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması zəruridir. Bu sahədə digər ölkələrin aparıcı kanallarının təcrübəsindən bəhrələnmək olar”.