Deputat: “Son bəyanatların söykəndiyi “mənəvi dəyərlər” ədalətsizdir”backend

Deputat: “Son bəyanatların söykəndiyi “mənəvi dəyərlər” ədalətsizdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalqımız Vətən müharibəsinə qalxıb. Bu, nə pafosdur, nə də emosional münasibət. Ərazisi, Vətəninin bir parçası, ürəyinin bir hissəsi işğal altında qalan istənilən xalq, istənilən cəmiyyət bu müharibəyə qalxmağa məcburdur və bu, onun təbii haqqıdır. Əgər qalxmırsa, deməli, ya o xalqın tarixi yaddaşı zədələnib, ya da milli qürur hissi öldürülüb.

Son günlər nüfuzlu dünya dövlətlərindən,beynəlxalq təşkilatlardan gələn bəyanat və çağırışlar cəmiyyətimizdə qıcıq və haqlı etiraz doğurur. Bu da səbəbsiz deyil. Cəmiyyətimiz inanmır ki, həmin bəyanatları verənlər üçün xalqımızın keçirdiyi hisslər yaddır.

Cəmiyyətimiz heç cür qəbul etmir ki, haqq-ədalət carçısı olanlar, sülhə və danışığa yeni çağırış edənlər münaqişənin kökündə dayanan işğal faktından, bunun səbəbkarından xəbərsizdirlər.

Buna inanmamaq üçün əsaslar da yetərincədir. Çünki həmin nüfuz sahiblərinin, dünyanı idarə edənlərin özləri 27 il əvvəl BMT kimi nüfuzlu bir təşkilatın dörd qətnaməsi altında imzalarını qoyublar. Bu qətnamələrdə Ermənistanın işğalçı və təcavüzkar olduğu təsbit edilir, onun heç bir şərt irəli sürmədən Azərbaycan torpaqlarından dərhal çıxması tələb olunur.

Beynəlxalq-normativ aktların təsnifatında ən üstün hüquqi qüvvəyə malik olan bu qətnamələrin birmənalı tələbinə  27 ildir ki, məhz Ermənistan tərəfindən əməl edilmir. Təəssüf ki, buna baxmayaraq, son günlər eşitdiyimiz bəyanat və çağırışlarda nə həmsədr dövlətlərin başçıları, nə də Minsk qrupundakı nümayəndələri bunu dillərinə belə gətirmirlər.

Bir dəfə də olsun demirlər ki, münaqişənin və müharibənin səbəbkarı beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan torpaqları işğal etmiş Ermənistandır. Halbuki elə bu dövlətlərin gözü qarşısında və onların şahidliyi ilə 30 il ərzində danışıqlarda imitasiya ilə məşğul olan da məhz Ermənistandır.

Ona görə də cəmiyyətimiz bu bəyanatların səmimiyyətinə və ədalətə xidmət etdiyinə inanmır, onları ictimai qınaqla qarşılayır. Çünki onların müəllifləri ədalətli və tərəfsiz yanaşma prinsipinə kölgə salıb işğalçı ilə işğala məruz qalan, haqsız və haqlı olan tərəf arasında növbəti dəfə “bərabərlik” işarəsi qoyurlar.

Hansı haqlı cəmiyyət bu ədalətsiz “eyniləşdirməni” qəbul edər?! Hansı haqlı cəmiyyət sərt şəkildə danışıqlara çağırış edənlərin sərgilədikləri “balanslı” münasibətin səmimiyyətinə və ədalətinə inanar?! Özünə hörmət edən heç bir cəmiyyət inanmaz: istər Şərqdə yerləşsin, istər Qərbdə, istər Afrikada olsun, istərsə də Avropada. 

Həmsədr dövlətlərin özlərinin təmsil etdikləri demokratik cəmiyyətlər buna nəinki inanar, onları təmsil edən liderləri siyasi linç edərlər. Cəmiyyətimiz müşahidə etdiyi bu reallığı, ayrı-seçkiliyi heç cür həzm edə bilmir və etməyəcək. Çünki öz cəmiyyətlərinə rəva görmədiklərini başqasının, bizim milli mentalitetimizə calaq olunmasına cəhd edilir.

Axı bu ayrı-seçkiliyin,ədalətsiz münasibətin səbəbi olmalıdır.Azərbaycan cəmiyyəti haqlı sual edir: son bəyanatların ədalət göstəricisi hansı “mənəvi dəyərlərə” söykənir?

Bu ictimai sorğu və tələb həm də ona görə yaranır ki, sərt bəyanat verən nüfuzlu ölkə başçıları  öz dövlətlərinin və xalqlarının təhlükəsizliyi,maraqları naminə dövlət sərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşən başqa dövlətlərin ərazilərində hərbi əməliyyatlar keçirmələrini dünyaya ədalət nümunəsi kimi təqdim edirlər.

Belə olan halda 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarına qovuşmaq hüququndan Azərbaycan xalqını heç kim məhrum edə bilməz. Əgər 30 il boyunca davam edən danışıqlar ədalətə xidmət etməyibsə, həmin güc sahibi olan həmsədrlər bunu bacarmayıblarsa, təklif etdikləri həll variantları məhz işğalçı Ermənistan tərəfindən rədd olunubsa, Azərbaycan xalqının öz torpaqlarını hərb yolu ilə işğaldan azad etmək hüququnu heç kim,heç bir güc sahibi onun əlindən ala bilməz.

BMT-nin Nizamnaməsinə görə, ərazi bütövlüyünün toxunulmazlığı kimi ali beynəlxalq prinsipin tələbinə görə də Qarabağı işğaldan azad etmək Azərbaycan xalqının beynəlxalq hüquqla tanınan haqqıdır.

Bütün bunlara görə,Milli siyasi iradəsini sərt və ədalətli şəkildə ortaya qoyan Prezident və Ali Baş Komandan cənab İlham Əliyev bu sözləri deyərkən öz xalqının yekdil iradəsini ifadə edir:

“Bizim işimiz haqq işidir,biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki,bu münaqişədə biz istəyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Kimin nə deməsindən, hansı bəyanat verməsindən asılı olmayaraq, vacib olan məhz budur, dövlətimizin və xalqımızın Vətən, haqq naminə verdiyi mücadilədir.

Milli Məclisin deputatı
Ülvi Quliyev