‘’Rus sülhməramlılarının fəaliyyətinin ilkin dövründə müəyyən narazılıqlar var idi’’ . Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Millət vəkili bildirib ki, sülhməramlı qüvvələr öz funksiyalarından kənara çıxaraq bir sıra hallarda Azərbaycanın suveren hüquqlarına etinadsızlıq göstərirdilər: “Mən belə hesab edirdim ki, bütün bunların hamısı müvəqqətidir və tədricən hər şey yoluna düşəcək. Sülhməramlı qüvvələr ona görə belə hərəkət edirdilər ki, məğlub olan ölkənin revanşist qüvvələrinin hissləri üzərinə əlavə emosiyalar gətirməsinlər’’.
Deputat qeyd edib ki, eyni zamanda erməni tərəfi bu məğlubiyyətin günahını Rusiya dövlətinin onlara qarşı laqeyd yanaşmasında axtarır: “Bu səbəbdən Rusiya dövlətinə qarşı həm də revanşistlərin daha geniş şəkildə fəaliyyətinin qarşısını almaq üçün bəzi güzəştlər edilirdi. Məsələn, Ermənistandan gələnlər Azərbaycana buraxılır, Azərbaycan ərazisində ermənilərin daha çox sıx yaşadığı yerdə onlara humanitar yardımlar edilir, evləri bərpa olunur. Bu və digər məsələlərin hamısı müvəqqəti xarakter daşıyır. Göründüyü kimi, Fransa jurnalistlərinin Ermənistandan keçərək Azərbaycana gəlməsinin qarşısı alındı və sülhməramlı qüvvələr bu baxımdan öz öhdəliklərini yerinə yetirirlər. Bu sülhməramlılar tərəfindən atılmış təqdirəlayiq addımdır. Ümid edirik ki, bundan sonra da sülhməramlılar Azərbaycanın suveren hüquqlarına hörmət edəcəklər və tədricən sülhməramlı qüvvələrlə Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı inam və etimad əsasında suveren hüquqlarına ziyan dəymiş addımlara yol verilməyəcək’’.
Fəzail Ağamalı bildirib ki, eyni zamanda Türkiyə və Rusiya arasında Qarabağ üzrə Birgə Monitorinq Mərkəzi regionda uzunmüddətli sülhün yaranmasına öz töhfəsini verəcək: “Hal-hazırda mərkəzin bu istiqamətdə müsbət təsirini biz görürük. Zaman etibarilə, təxminən bir ildən sonra artıq Azərbaycan ərazisində ermənilərin sıx yaşadığı yerlərdə də suveren hüquqlarımızın bərpasını müşahidə edəcəyik və orada bizim idarəçilik sistemi tam şəkildə tətbiq olunacaq”. “Bütün bu yol xəritəsinin rəhbəri dünyamiqyasında öz sözünü demiş liderimiz Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün tədbirlərdə özünün zaman- zaman verdiyi müsbət nəticələrin şahidi olacayıq’’.
Abasova Gülnarə Editor.az

