Deputat: “Türkiyə Rusiya-Ukrayna böhranının həllinə çox yaxınlaşıb”backend

Deputat: “Türkiyə Rusiya-Ukrayna böhranının həllinə çox yaxınlaşıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asim Mollazadə: “Azərbaycan da bu prosesdə fəal iştirak edir və bu bizim diplomatik uğurumuzdur”

ABŞ prezidenti Cozef Bayden Ukraynada yaşayan amerikalılara müraciət edib. O qeyd edib ki, vəziyyət anidən dəyişə bilər və bu barədə məlumatlar almaqdadır. “Sonra gec olacaq” deyən ABŞ rəhbəri əlavə edib ki, Amerika vətəndaşları indi bu ölkəni tərk etməlidirlər. Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə ABŞ-ın qoşun göndərməyəcəyini söyləyən Bayden fikrini belə əsaslandırıb ki, bu artıq üçüncü dünya müharibəsinin başlanması demək olacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Editor.az-a açıqlamasında bildirib ki, müharibə ehtimalı çox aşağıdır: “ABŞ prezidenti bəyan edir ki, istənilən halda ölkəsi Ukraynaya qoşun göndərməyəcək. Eyni zamanda Rusiyaya qarşı çoxvektorlu təzyiqlər siyasətindən imtina etmir. Şimal qonşumuz isə iqtisadi cəhətdən çox zəifləyib və Ukraynaya hücum edəcəyi təqdirdə bu daha da sürətlənəcək. Kreml buna hazır deyil. Öz növbəsində Amerika da Rusiyanın üzərinə qoşun göndərməyə hazırlaşmır. Bayden dünənki açıqlaması zamanı bu məsələyə nöqtə qoyub. Müharibə hər iki tərəf üçün təhlükəli qərardır. ABŞ özünün dediyi kimi, dünya müharibəsinin başlamasına, Moskva isə ölkəsinin daha ciddi sanksiyalarla üz-üzə qalmasına imkan verməyəcək”.

Deputatın sözlərinə görə, hazırda tərəflərin danışıqlara başlaması gözlənilir: “Bu danışıqlarda isə əsas vasitəçi Türkiyədir. Həm Moskva, həm də Kiyev Ankaranın iştirakı ilə danışıqlara hazır olduqlarını bəyan ediblər. ABŞ, o cümlədən Qərblə Rusiya arasında qarşılıqlı etimad olmadığına görə, Ukrayna məsələsində neytral tərəfin vasitəçiliyinə ehtiyac yaranıb. Ümumiyyətlə son dövrlər Türkiyənin beynəlxalq siyasətdə rolu əhəmiyyətli dərəcədə artıb. Geosiyasi müstəvidə əsas oyunçulardan olan Türkiyə hazırda dünya gündəmini narahat edən bir böhranın həllinə yaxınlaşmaq üzrədir. Azərbaycan da bu prosesdə fəal iştirak edir və bu bizim diplomatik uğurumuzdur” – ADİP sədri vurğulayır.

// Gülnarə Abasova, Editor.az