Deputat Zəngəzurdan danışdı: “Hələ çox sürprizlərə şahidlik edə bilərik”backend

Deputat Zəngəzurdan danışdı: “Hələ çox sürprizlərə şahidlik edə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş nazirin müavini Mher Qriqoryan üçtərəfli danışıqların Azərbaycan-Ermənistan sərhədində gərginliyin yaranmasından sonra dayandırıldığını bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan “Zəngəzur dəhlizi” məsələlərini müzakirə etməyib, müzakirə etməyəcək və belə bir müzakirə ümumən mümkün deyil. “Dəhliz anlayışı ilə kimlərsə nəqliyyat marşrutlarını nəzərdə tutursa, bu ayrı məsələdir, amma bu, suverenliklə əlaqəli hər hansı bir vəziyyət deməkdirsə, onda bir daha sizi inandırıram ki, bu, sadəcə gündəmimdə deyil”.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan  Milli Məclisin deputatı Elman Nəsirov hazırda Ermənistanda siyasi vəziyyətin acınacaqlı olduğunu qeyd edib:

“Hal-hazırda Ermənistanda çox acınacaqlı vəziyyətdir və ölkədə İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətdən sonra sözün həqiqi mənasında aləm bir-birinə qarışıb. Orada hamı bir-birinə düşmən gözü ilə baxır, bir-birinə “xəyanətkar” deyir. Belə olan reallıqda ən təhlükəlisi qeyri-müəyyənlikdir. Bu gün isə Ermənistanda müəyyən deyil ki, real hakimiyyətin mahiyyəti nədən ibarətdir. Paşinyan bir bəyanat verir, ondan savayı, ölkənin prezidenti başqa bəyanat verir, silahlı qüvvələrin baş qərargah müavini və onun müavini tam başqa məlumat verir. Krılovun məşhur əsərində olduğu kimi hərə bir yana çəkilib. Bu, reallıqdır. Eyni zamanda seçki prosesinə qatılan bütün siyasi qüvvələr qalib gəlmək üçün qətiyyətli, prinsipial mövqedə dayanan siyasətçi obrazını formalaşdırmaq istəyir”.

Millət vəkilinin sözlərinə görə, üçtərəfli danışıqların dayandırılması Ermənistandakı parlament seçkisi qabağı “baş qatmaq” cəhdidir:

“Digər tərəfdə 20 iyun seçkilərinə qədər Paşinyan seçicilərinin başını sərhəd münaqişəsi ilə qatmaq istədi. İndi isə üçtərəfli danışıqların dayandırılması məsələləri ilə həm baş qatmaq, həm də Ermənistanın milli maraqları naminə guya çox prinsipial mövqedə dayandığını qabartmaq istəyir. Amma bunlar hamısı mənasız cəhdlərdir. Bir dəyişməz həqiqət var, o da Ermənistanın məğlub olmasıdır, Azərbaycan öz torpaqlarına sahiblik edir, indi də onların quruculuğu ilə məşğuldur. Cənab Prezident, Ali Baş Komandanın məsələyə yanaşması belədir və bu dəyişməz həqiqətdir. Qalan hər şey dediyimiz reallığın əsasında baş verən məsələlərdir. Mənim mövqeyim bundan ibarətdir ki, 20 iyun – Ermənistandakı növbədənkənar parlament seçkilərinə qədər biz hələ çox sürprizlərə şahidlik edə bilərik. Ermənistan tərəfdən seçiciyə təsir edə biləcək populizmə şahidlik edə bilərik, lakin hər şey məhz 20 iyundan sonra açılacaq, sərhəd məsələsi də öz həllini tapacaq, delimitasiya, demarkasiya da baş verəcək, Zəngəzur dəhlizi də işə düşəcək və Paşinyan da çox gözəl bilir ki, bütün bunlar nəticə etibarilə Ermənistanın nicatıdır, blokadadan çıxması, əməkdaşlığa qoşulması və xilas yoludur. Bunun alternativi yoxdur, olsa da müharibə və münaqişədir. Ermənistan hansı ordu, hansı iqtisadiyyatla münaqişəyə gedəcək?!  10 mindən artıq fərarisi var, ordusu darmadağın edilib”.

 

Deputat Zəngəzurdan danışdı: “Hələ çox sürprizlərə şahidlik edə bilərik”