“İkinci Qarabağ müharibəsi Türkiyə – Azərbaycan münasibətlərinin nə dərəcədə səmimi və doğru olmasını tam sübutu idi. Bəli, biz qardaşımızı dar gündə daha da yaxından tanıdıq. Beynəlxalq aləm də bu dostluğun əbədi və qırılmaz bağlardan ibarət olduğunu gördü. 44 günlük haqq savaşımızda Türkiyəyə qarşı siyasi təzyiqlər olsa da, qəti şəkildə mövqeyini dəyişmədi, mənəvi və siyasi dəstəyini tam ifadə etdi. Qardaş ölkə artıq dünyada güc mərkəzlərindən biridir. Beynəlxalq aləmdə hər zaman Azərbaycanı dəstəkləyən Türkiyə müharibədən sonra da Qarabağda quruculuq işlərində yaxından iştirak etdi. Bu gün Qarabağda Türkiyə şirkətləri tərəfindən yol infrastrukturu qurulur. Demək olar ki, bu işlərin yarıdan çoxu tamamlanıb”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat xatırladıb ki, iki il əvvəl 20 oktyabr Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli tarixə çevrilib: “Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi. Məhz Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə Türkiyə Prezidentinin Azərbaycana, Qarabağa olan səfəri xüsusi məna daşıyır. Bu gün iki dost ölkə Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər həyata keçirir. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzuli Beynəlxalq Hava Limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Hər iki beynəlxalq hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsinin əsas təminatçısı olacaq. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir”.
M.Cəfərov hesab edir ki, görülən işlərin sürəti Zəngəzurun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır: “Zəngilan aeroportunun tikilməsinin region üçün önəmi həm də iqtisadi cəhətdən böyük olacaq. Bu hava limanı Şərqi Zəngəzurda istehsal olunan iqtisadi məhsulların ölkə və dünya bazarlarına çıxarılması baxımından da əlverişlidir. Digər tərəfdən, böyük tranzit əhəmiyyətə malik bu strateji obyekt Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artıracaq”.

