Deputatdan kritik mesaj: “Tələsmək təhlükəlidir” backend

Deputatdan kritik mesaj: “Tələsmək təhlükəlidir” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal miqyasda baş verən mürəkkəb proseslər, artan risklər və təhlükəsizlik çağırışları fonunda bir çox ölkələr kimi Azərbaycan da qabaqlayıcı tədbirləri davam etdirməyə üstünlük verir. Mövcud şərait dövlətlərin qərarlarında ehtiyatlı və strateji yanaşmanı zəruri edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, dünyada gedən proseslər, yayılan xəstəliklər, müxtəlif qarşıdurmalar, müharibələr və ümumilikdə təhlükəsizlik amili nəzərə alındıqda xüsusi karantin rejiminin uzadılması məqsədəuyğun hesab edilə bilər:

” Bu kimi məsələlərdə tələskənliyə yol vermək düzgün deyil, vəziyyət diqqətlə təhlil olunmalı və risklər minimuma endirilməlidir. Əks halda, təhlükəsizlik baxımından daha ciddi problemlərlə üzləşmək ehtimalı yarana bilər. Qəbul olunan qərar məntiqli və əsaslandırılmışdır, cəmiyyət bu yanaşmaya anlayış və səbir göstərməlidir.

Sərhədlərin bağlı qalması ilə bağlı ictimaiyyətdə müxtəlif müzakirələr aparılsa da, proseslər göstərdi ki, dövlət tərəfindən verilən qərarlar düzgün istiqamətdə olub. Bu baxımdan belə addımların atılması normal qarşılanmalı və dəstəklənməlidir”.

Deputat vurğulayıb ki, müasir dövrdə əsas prioritet təhlükəsizliyin təmin edilməsidir: “Digər məsələlər zamanla öz həllini tapa bilər, lakin təhlükəsizlik məsələsi daim diqqət mərkəzində saxlanılmalıdır. Xüsusilə də qlobal vəziyyətin gərgin olduğu bir dövrdə ölkənin təhlükəsizliyinin qorunması əsas vəzifə olaraq qalır”.

//Gülnarə Abasova, Editor.az