Deputatın oğlu Amerikada şirkət açdı – Əsl sahibi kimdir?backend

Deputatın oğlu Amerikada şirkət açdı – Əsl sahibi kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə qanunvericiliyinə görə hər kəs qanunla qadağan edilməyən fəaliyyətlə məşğul ola bilər. Sahibkarlıq da qanunla yol verilən fəaliyyət növüdür. Amma qanunvericiliyə görə, dövlət qulluqçusu, Milli Məclisin deputatları, hakimlər sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Lakin bir sıra hallarda bunun əksi müşahidə edilir. Bəzi deputat və məmurlar biznes subyektlərini ailə üzvləri və yaxın çevrələrinin adına rəsmiləşdirməklə məsuliyyətdən boyun qaçırmağa çalışırlar.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nyu-Yorkda milyonluq villası ilə ad çıxaran Milli Məclisin 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədov doğulduğu Masallı rayonunun adını daha da məşhurlaşdırmaq qərarına gəlib. Bu günlərdə Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. Həmin şirkət aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb. Şirkətin hüquqi ünvanı isə deputat Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanı qeyd edilib.

Millət vəkili Məşhur Məmmədovun 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb. M.Şahbazov hazırda Nyu-Yorkda fəaliyyət göstərən “Reynolds Asset Management” adlı daşınmaz əmlak şirkətində çalışır.

Qeyd etdiyimiz kimi qanun biznes fəaliyyətini həm dövlət qulluqçusuna, həm də deputata qadağan edir. Ancaq formal bir hüquqi prosedurla mülkiyyətin faktiki sahibi və onu idarə edən elə məmurun özüdür. Belə olan halda deputat hüququ baxımdan biznes sahibi olmasa da faktiki sahibkar olur. Burada əsas məqam mülkiyyətin əsas sahibinin kim olması diqqəti çəkir. Məhz bu hallar imkan verir ki, hər hansı bir məmur və ya deputat öz biznesini yetkinlik yaşına təzəcə çatmış övladlarına dövr etsin. Bununla bağlı kifayət qədər faktlar var. 18-20 yaşında gənclər böyük biznes sahibi kimi təqdim edilir. O yaşda gənclərin böyük biznes imperiyasına sahib olması isə real deyil.