Deputatların maaşının artması məsələsi niyə səs-küyə səbəb oldu?- Deputatların fəaliyyətindən narazılıq, yoxsa digər insanların sosial vəziyyəti…backend

Deputatların maaşının artması məsələsi niyə səs-küyə səbəb oldu?- millət vəkillərinin fəaliyyətindən narazılıq, yoxsa digər insanların sosial vəziyyəti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihələrindən biri də deputatların maaş artımıdır. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclis deputatının statusu haqqında” Qanuna dəyişiklik edilir. Dəyişiklikdən sonra deputatların vəzifə maaşı, nə az-nə çox, düz 43 faiz (753 manat) artmış olacaq. Adıçəkilən qanuna görə, deputatların maaşları Milli Məclis sədrinin maaşı təməlində hesablanır. Dəyişiklik təklifindən öncə parlament sədrinin aylıq vəzifə maaşı 2 min 475 manat idi. Yeni artımdan sonra bu məbləğ 3 min 550 manata yüksələcək.

Deputatların maaşının artması məsələsi cəmiyyətimizdə birmənalı qarşılanmayıb.

Maraqlıdır bu aqressiyanın səbəbi digər insanların maaşının aşağı olmasıdır, yoxsa deputatların fəaliyyətindən olan narazılıqdır?

Məsələ ilə bağlı fikirlərini Editor.az-a sabiq millət vəkili Nazim Bəydəmirli bildirib ki, Azərbaycanda deputatların təminatı Milli Məclisi deputatının statusu haqqında qanunla müəyyənləşir:

” Digər ölkələrlə müqayisədə Azərbaycanda deputatların maddi təminatı aşağıdır. Azərbaycanda deputat maaşı əksər ölkələrlə, hətta qonşu ölkələrdən, Rusiya ,Gürcüstan, Ermənistan, hətta keçmiş Sovet ölkələrindəki deputat maaşları ilə müqayisə edilməyəcək dərəcədə aşağıdır. Ancaq həmin ölkələrdə deputat maaşı ilə  sadə vətəndaşların orta əmək haqqı arasında çox ciddi fərq yoxdur.  Nəticə etibarilə, Azərbaycanda  deputatların maaşlarının artırılması məsələsi cəmiyyətdə ciddi aqressiya ilə qarşılanır. Bu da  Milli Məclisin deputatlarının mütləq əksəriyyətinin azad, ədalətli seçki ilə seçilməməsi, seçicilərin gözləntilərinin qarşılanmaması, eyni zamanda bəzi millət vəkillərinin icra hakimiyyəti orqanlarına belə “vəkillik” etmələri ilə əlaqədardır.  Ara-sıra deputatlardan biri cəmiyyətdə rəğbət qazanmaqdan ötrü epizodik olaraq bəzən sosial şəbəkələrdə çeynədilmiş problemləri gündəmə gətirir. Ancaq bu,  süni piar kampaniyalarıdır və bunlar isə cəmiyyətdə qəbul olunmur. Azərbaycanda Milli Məclisin deputatlarının həm qanunvericilik fəaliyyəti, həm də ümumilikdə Milli Məclisin səlahiyyətləri kifayət qədər aşağıdır. Çünki demək olar ki, böyük əksəriyyəti asanlaşdırılmış mandatın hədiyyə edildiyi şəxslərdir. Nə vaxta qədər ki, deputatlar xalqın təmsilçisi olmayacaq, onlara qarşı bu münasibət də dəyişməyəcək. Ona görə də deputat maaşlarının artırılıb-artırılmamasından aslı olmayaraq hər zaman onlara qarşı bu aqressiya olacaq”.

Milli Məclisin deputatı Azər Badamov məsələ ilə əlaqədar Editor.az-a bildirib ki, cəmiyyətimizdə deputatların fəaliyyətindən olan narazılıq başa düşülən deyil:

” Çox təəssüf ki, bəzi hallarda deputatların fəaliyyətini  görmək istəməyən qüvvələr var. Həmin qüvvələr millət vəkillərinin işinə ləkə gətirməkdən ötrü əllərindən gələni edirlər. Bu gün hər bir  vətəndaş biraz çətinliyə düşən kimi deputatın yanına gedir, ondan kömək gözləyir. Millət vəkilləri öz seçicilərin hər zaman son ümid yeridir. Belə olduqda, deputatların maaşlarının artırılmasına bu cür reaksiyaların verilməsi başa düşülən deyil. Hesab edirəm ki, millət vəkillərinə hər zaman ciddi diqqət göstərilməlidir ki, onlar da vətəndaşların qaldırdıqları problemlərin müəyyən qədər həll olunmasında öz aldığı məvaciblə də köməklik göstərə bilsin. Biz deputat kimi bizə müraciət edən vətəndaşların problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək göstəririk. Ona görə də deputatların maaşlarının qaldırılmasına yaranan bu aqressiyanı başa düşə bilmirəm”.

//Gülnarə Abasova, Editor.az