Dezinformasiyaları yaymaqda məqsədləri orduda ruh düşkünlüyü yaratmaqdır – Deputatbackend

Dezinformasiyaları yaymaqda məqsədləri orduda ruh düşkünlüyü yaratmaqdır – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təkcə hərbi istiqamətdə deyil, Ermənistanın təbliğat maşını da bu gün var qüvvəsi ilə işə salınıb, gecə-gündüz Azərbaycan əleyhinə dezinformasiya yayır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov Azərbaycan Ordusuna qarşı həyata keçirilən informasiya təxribatlarından danışarkən deyib. Onun sözlərinə görə, ermənipərəst qüvvələr dezinformasiya yaymaqla ordunun döyüş ruhuna mənfi təsir göstərmək istəyir:

“Biz Ermənistanla müharibə vəziyyətindəyik. Düzdür, aktiv hərbi əməliyyatlar başlamayıb, amma istənilən an başlana bilər. Ermənistan regionda sülh və təhlükəsizlik üçün çox ciddi təhlükəyə çevrilməkdədir. Düşmən ölkənin yeni hərbi doktrinasının qəbulu, milli təhlükəsizlik strategiyasında edilmiş dəyişikliklər, Tovuz hadisələri, Ermənistan rəhbərliyinin qondarma rejimə tez-tez səfərləri, “etnik erməni” adı altında əvvəl Suriyadan, indi də Livandan terrorçuların Dağlıq Qarabağın işğal altındakı ərazilərinə yerləşdirilməsi və s. onu göstərir ki, Ermənistan sülh prosesinə zərbə vurur. Bütün bunlar nəticə etibarilə müharibəni labüdləşdirə bilər. Təkcə hərbi istiqamətdə deyil, Ermənistanın təbliğat maşını da bu gün var qüvvəsi ilə işə salınıb, gecə-gündüz Azərbaycan əleyhinə dezinformasiya yayır. Guya ki, Azərbaycanın Suriyadan yaraqlıları gətirib Ermənistan əleyhinə istifadə edəcəyi kimi absurd yalanlarla çıxış edən dezinformasiya maşını dayanmadan işləməkdədir. Onlar daha çox bunu sosial şəbəkələrdən, eləcə də “Youtube” kanallarından və digər media vasitələrindən istifadə edərək həqiqətə daban-dabana zidd olan məlumatlar yayırlar.

Təəssüflə qeyd etmək lazımdır ki, bəzən ön sıralarımızdan da onlara inanmaq istəyən kimlərsə tapılır və bu, heç bir halda qəbul edilə bilməz.

Müharibənin öz qaydaları, şərtləri var. İnformasiya məkanında olduqca ehtiyatlı olmaq lazımdır. İstənilən ehtiyatsız davranış və ehtiyatsız səsləndirilən fikir milli maraqlarımızın ziddinə ola bilər. Nə qədər qəribə olsa da, insanlar dezinformasiyaya həqiqətdən daha çox inanmaq istəyirlər. Çünki həmin məlumatlar bər-bəzəkli təqdim olunur və bəzi səbatsız insanları aldatmaq, çaşdırmaq mümkün olur. Ona görə də hər birimiz bu məsuliyyəti dərk etməliyik. Bütün bu dezinformasiyaları yaymaqda məqsəd orduda ruh düşkünlüyü yaratmaq, onun mənəvi-psixoloji döyüş hazırlığına zərbə vurmaqdır”.

Deputat son dövrlər Türkiyə ilə keçirilən hərbi əməliyyatların fonunda Azərbaycan Ordusu əleyhinə təbliğatların artdığını bildirib:

“Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın güclü Ali Baş Komandanı var. Ölkə Prezidenti İlham Əliyevin istənilən təşəbbüsü xalq tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Bu gün Azərbaycan Qlobal Güc İndeksinə görə dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusunun çox yüksək döyüş ruhu var. Eyni zamanda bu gün Azərbaycan Ordusu ən müasir silahlarla silahlanıb. Digər tərəfdən Azərbaycan-Türkiyə hərbi müttəfiq münasibətləri ən yüksək səviyyədədir. İki qardaş dövlətin silahlı qüvvələrinin Naxçıvandan tutmuş demək olar ki, Azərbaycanın əksər ərazilərində keçirdiyi taktiki uçuş təlimləri ordumuzun gücünü birə-beş yüksəldib. Hətta bu gün sosial şəbəkələrdə Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilir, ictimai rəy buna köklənib. Xüsusilə də Türkiyə Silahlı Qüvvələri (TSQ) iyul döyüşlərində Azərbaycanın yanında olduğunu bir daha bəyan etdi. Türkiyənin ali hərbi-siyasi rəhbərliyi Azərbaycanın qəbul etdiyi istənilən qərarı müdafiə edəcəyini bildirdi. Yəni bu o deməkdir ki, sabah müharibə başlayacağı təqdirdə də TSQ Azərbaycanı birmənalı dəstəkləyəcək. Ona görə də hesab edirəm ki, Ermənistanın və ermənipərəst müəyyən qüvvələrin Azərbaycanda dezinformasiya yaymaqla məşğul olması guya ki, Azərbaycan Ordusunun döyüş ruhunun zəif olması və s. səsləndirilən bu kimi fikirlər yalandan,iftiradan başqa bir şey deyil.Sözün həqiqi mənasında Ermənistan təlaş içərisindədir.Xüsusilə də Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri onların yuxusuna haram qatıb. Bu səbəbdən də belə təxribatçı bəyanatlar və dezinformasiya yaymaqla məşğuldurlar”.