Diaspor təmsilçilərinin Şuşa səfəri: Qarabağdan verilən birlik və bərabərlik mesajı xaricdəki azərbaycanlılar üçün yeni yol xəritəsi olacaqbackend

Diaspor təmsilçilərinin Şuşa səfəri: Qarabağdan verilən birlik və bərabərlik mesajı xaricdəki azərbaycanlılar üçün yeni yol xəritəsi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq və dövlətin sarsılmaz birliyi Azərbaycanın Qarabağ torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etməsinin əsas formuluna çevrildi. Bu çətin, məsuliyyətli və şərəfli dövr xaricdəki Azərbaycan diasporu üçün də ciddi bir sınaq mərhələsi idi. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan diasporu Vətən Müharibəsi sınağından üzüağ çıxmağı bacardı.

44 günlük Vətən Müharibəsi dövründə xaricdə yaşayan azərbaycalılar siyasi baxışından, düşüncəsindən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizin və ordumuzun yanında oldular. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə, şəhid ailələrinə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi. Bu gün Qarabağda müharibə hərbi müstəvidə bitsə də, informasiya və diaspor cəbhəsində sürətlə davam etməkdədir.

Bu günlərdə xaricdə yaşayan və şəxsi məqsədlərlə vətənə gələn bir qrup həmyerlilərimizin ilk dəfə olaraq Şuşaya səfər etməsi isə əlamətdar bir hadisə kimi Azərbaycan diasporu tarixinə düşdü. Qarabağ torpağına ilk səfər zamanı diaspor təmsilçiləri ermənilərin ağlasığmaz vandalizm əməllərinə şahidlik etdilər. Soydaşlarımızın əldə etdikləri gerçək faktlar dünyada erməni barbarlığının işfa edilməsində çox böyük əhəmiyyətə malikdir və informasiya savaşında mövqelərimizin daha da möhkəmlənməsinə təkan verəcək.

Diaspor təmsilçilərinin Şuşa səfəri və orada verilən mesajlar Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinda hansı nəticələrə səbəb olacaq?

Editor.az mövzunu Şuşaya səfər edən diaspor liderləri və ekspertlərlə araşdırıb.

Mövzu ilə bağlı Editor.az-a danışan Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib ki, şəxsi məqsədlərlə vətənə gələn diaspor nümayəndələri Şuşaya getmələrini böyük şans adlandırıblar :

“Xaricdə yaşayan və yay mövsümündə Azərbaycanda olan bir neçə soydaşımız diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərinin təşkil edilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdi. Komitə soydaşlarımızın müraciətini nəzərə alaraq və bu yay daha çox diaspor nümayəndəsinin ölkədə olmasından istifadə edərək, onların Şuşa şəhərinə bir günlük səfərini təşkil etdi.Səfərin məqsədi xaricdə yaşayan azərbaycanlıların azad olunmuş torpaqlara gedərək erməni vandalizmi ilə yerində tanış olmaları, Ermənistanın təcavüzkar hərəkətləri, beynəlxalq hüquq normalarını pozması ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında diasporumuzun fəallığının daha da artırılması idi.“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında təşkil edilən səfərə 24 ölkədən 72 soydaşımız qatıldı.Diaspor nümayəndələri ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada erməni vandalizminə məruz qalan və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət edib, qədim Azərbaycan şəhərinin bir sıra görməli yerləri ilə tanış olublar.Soydaşlarımız əfsanəvi Cıdır düzünə gedərək orada Azərbaycan bayrağını dalğalandırdılar”.

Onun sözlərinə görə, Şuşaya səfər edən soydaşlarımız sosial şəbəkə hesablarında və media orqanlarında öz təəssüratlarını bölüşüblər:

“Səfərdə iştirak edən hər kəs bu səfərin onlar üçün gözlənilməz və unudulmaz olduğunu dedi. Şəxsi məqsədlərlə vətənə gəldiklərini, xoş sürprizlə qarşılaşdırlarını, bu yay Azərbaycanda olmalarını böyük şans hesab etdiklərini dilə gətiriblər. Diaspor təmsilçiləri Qarabağda qazanılan böyük Zəfərə görə şəhidlərimizin ruhu qarşısında baş əydiklərini qeyd edib, qazilərimizə sayğı və sevgilərini ifadə edib, dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirən Müzəffər Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.Soydaşlarımız Qarabağda, mədəniyyət mərkəzi qədim Şuşa şəhərində əldə etdikləri məlumatları yaşadıqları cəmiyyətlərə, xarici mediaya orqanlarına, beynəlxalq ictimaiyyətə çatdıracaqlarını bildirib, bundan sonra da Azərbaycanın haqq səsi olamaqda davam edəcəklərinə əminliklərini ifadə ediblər”.

Vəsilə Vahidqızı onu da qeyd edib ki, istər pandemiya dövründə, istərsə də müharibə dövründə xaricdə yaşayan azərbaycanlılar ölkəmizə, ordumuza, qazi və şəhid ailələrinə maddi və mənəvi dəstəklərini əsirgəmədilər:

“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yaşat” Fonduna yardımların edilməsi, qazilərimizə, şəhid və qazilərimizin ailələrinə maddi və mənəvi yardım göstərmələri üçün Azərbaycan diasporuna, ümumilikdə xaricdə yaşayan azərbaycanlılara çağırış edib. Bu mühüm çağırışın nəticəsində 29 aprel-31 may 2021-ci il tarixində Azərbaycan diasporunun yüksək fəallığı ilə müşaiyyət olunan “Yaşat” Xeyriyyə marafonu baş tutub, marafon 7 saata yaxın müddətdə Azərbaycan Televiziyası ilə videoyazı formatında nümayiş olunub və nəticələr ictimaiyyətə açıqlanıb. Komitə bu işin təşkilini yüksək səviyyədə həyata keçirib və xeyriyyə marafonu “Yaşat” Fonduna 1 milyon manatdan artıq vəsaitin köçürülməsi ilə nəticələnib. Xalqımızın və diasporumuzun yüksək qiymətləndirdiyi “Yaşat” Xeyriyyə marafonunun ehtiyac olduğu halda yenidən təşkili nəzərdə tutulur”.

O, son olaraq bildirib ki, müharibə informasiya cəbhəsində davam edir və bundan sonra diasporun vəzifəsi dünya ictimaiyyətinin məlumatlandırılmasında yaxından iştirak etmək və müxtəlif platformalarda daha fəal olmaqdır.

Şuşa səfərində iştirak edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov səfəri təşkil edən Diasporla iş üzrə Dövlət Komitəsinə təşəkkür edib: “Mən heç vaxt Qarabağda olmamışdım. İşğal dövrü mənim uşaqlıq illərimə təsadüf edib və bu məkan haqqında yalnız sözlərdən və kitablardan bilirdim. Orada yaşayanlar və olanlar həmişə Qarabağ haqqında ağız dolusu danışardılar. Dünyanın ən səfalı və dilbər guşələrindən biri olduğunu deyirdilər. Tanrıya şükürlər olsun ki, öz gözümlə görməyimi mənə nəsib etdi. Deməli qismətdə var imiş…”

O, qeyd edib ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir. İşğal dövründə ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədi: “Şuşa ziyarətimizdə mən bu ruhu hiss etdim. Ən yadda qalan məqam isə Füzuli şəhərinin xarabələri oldu. KİV-lərdə görmüşdüm, yalnız gözümlə görəndən sonra dəhşətə gəldim. Sözlə ifadə eləmək çox çətindir. İnsan olan məxluq belə vəhşiliyi törədə bilməz. Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri isə gözümüzlə gördüklərimizi yaşadığımız ölkələrin siyasi dairələrinə və ictimaiyyətinə çatdırmaq olacaq”.

Murad Cəfərov bildirib ki, bu gün ölkəmiz böyük beynəlxalq təyziqlərlə üzləşir və bu təzyiqlə mübarizə aparmaq, xüsusən də informasiya cəbhəsində diasporumuzun əsas vəzifələrindən biridir:

“Vətən müharibəsi dövründə diasporumuzun fəaliyyətini müsbət qiymətləndirirəm. Ümumiyyətlə, onu demək istəyirəm ki, Azərbaycan diaspor hərəkatı Birinci Qarabağ müharibəsindən sonra yaranmağa başladı. İşğalla heç zaman barışmayan xalqımız üçün Qarabağ məsələsi hər zaman qeyrət məsələsi olub. Buna görə diasporumuz bu yolda Azərbaycanın haqq səsini bacardığı qədər hər zaman dünya ictimaiyyətinə çatdırdı.Düzdür, o dövrlərdə yeni yaranan gənc diasporumuzun fəaliyyətində pərakəndəlik müşayiət olunurdu.

Lakin 44 günlük Vətən müharibəsi zamanı artıq formalaşmış və təcrübə yığmış, yaşadığı ölkələrinin ictimai-siyasi həyatına kifayət qədər inteqrasiya etmiş diasporumuz vahid yumruq altında birləşərək çox effektiv tədbirlər reallaşdırmağa müvəffəq oldu. Mən Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan ordusuna bu möhtəşəm qələbəyə görə dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhları qarşısında ehtiramla baş əyirəm.”

Diaspor təmsilçilərinin Şuşa səfərini şərh edən Diaspor İnformasiya Mərkəzinin (DİM) sədri Toğrul Allahverdili isə bildirib ki, bu səfər gözlənilən idi:

“Çünki bu tarixi səfəri gedib görmək hər bir azərbaycanlının arzusudur. Şuşa bizim mənəvi paytaxtımızdır. Dünyanın hər yerində yaşayan soydaşlarımızın bu gözəl şəhəri görmək haqqı var. Çünki Qarabağın azad olunmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onların rolu böyükdür. Düşünürəm ki, diaspor təmsilçilərimiz Şuşa səfərindən, ümumiyyətlə işğaldan azad edilən digər bölgələrimizi ziyarətdən sonra informasiya müharibəsində daha fəal rol alacaqlar. Çünki onlar işğaldan azad edilən tarixi torpaqlarımızda uzun illər ərzində Ermənistanın törətdiyi vandallıqların canlı şahidi olacaqlar. Bundan sonra diaspor təmsilçiləri bu dəhşətli faktları yaşadıqları ölkələrin ictimaiyyəti, mediası, dövlət qurumlarına daha effektiv təqdim edə biləcəklər.

Hesab edirəm ki, Şuşa səfəri həm bu baxımdan, həm də mənəvi mənada çox tarixi bir səfər oldu. Bu səfəri təşkil etdiyi üçün Diaspora üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarına və komitə sədri Fuad Muradova təşəkkür edirəm. Səfərin təşkili ölkəyə şəxsi məqsədlərlə gələn xaricdə yaşayan yoldaşlarımızın müraciəti ilə baş tutdu. Yəni bu, öncədən planlaşdırılmış səfər deyildi. Şuşaya getmək diaspor nümayəndələrinin arzusu idi. Bunu onların səfərlə bağlı təəssüratlarını bölüşdükləri zaman da şahidi oluruq”.

//Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.