İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Ölkəmiz müstəqillik əldə etdikdən sonra qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan həmvətənlilərimizin təşkilatlanması olub. Diaspor işinin əsas məqsədi Azərbaycanın mill maraqlarını xarici ölkələrdə layiqincə təmsil etməkdən ibarətdir. Diaspor quruculuğu işi daima Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edib. Hələ 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin prezidentliyi dönəmində xaricdəki Azərbaycan diasporu yenidən formalaşmağa başladı. Ulu öndər hər dəfə xarici ölkələrə səfər edərkən Azərbaycan diasporunun nümayəndələri ilə görüşürdü. Onlara müstəqil Azərbaycanın dünyada tanıdılması istiqamətində proqram xarakterli tövsiyə və tapşırıqlar verirdi.
Ümummilli liderimiz Heydər Əliyev 23 may 2001-ci il tarixində “Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi haqqında” sərəncam imzaladıqdan təxminən beş ay yarım sonra – noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu hadisə tariximizə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Həmin tarixdə ərazilərimiz düşmən tapdağı altında olsa da düzgün daxili və xarici siyasət, yüksək iqtisadi inkişaf, bu və digər məsələlərin düzgün qiymətləndirilməsi Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik torpaq həstərinə, işğala son qoyması ilə nəticələndi.
Lakin bu gün Azərbaycanın şanlı qələbəsindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq tərəflər arasında yekun sülh müqaviləsi imzalanmayıb. Bu da öz növbəsində erməni təxribatlarını, atəşkəsin pozulması hallarının artmasını istisna etmir. Ermənistan hər-vəchlə prosesə xarici ölkələri və təşkilatları cəlb etməkdə maraqlıdır.
Bütün bu hadisələr fonunda maraqlıdır ki, Azərbaycan lobbiçiliyi necə inkişaf etməlidir? Hələ də bu sahədə hansı çatışmazlıqlar mövcuddur?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatk Hikmət Babaoğlu bildirdi ki, hazırda ermənilər yenidən Azərbaycana qarşı lobbiçilik fəaliyyətlərini gücləndirməkdədirlər:

“44 günlük Vətən müharibəsində məlum oldu ki, erməni lobbisi elə də güclü deyil. Onu güclü edən onun fəaliyyət göstərdiyi ölkələrdə olan islamafob dairələrlə birləşməsidir. Bəzi Avropa ölkələrində islamafobiya demək olar ki, islam sivilizasiyasına qarşı ideologiyaya çevrilib və siyasətçilər tərəfindən dəstəklənir. Hazırkı mərhələdə ermənilər sınaqdan çıxmış lobbi silahından yenidən istifadə etməyə başlayıblar. Yalançı hay-küy qaldırmaqla Azərbaycana qarşı informasiya müharibəsinə başlayıblar. Dəfələrlə qeyd edilib ki, Azərbaycan güclü lobbi təşkilatı qurmalıdır. Məhz bunun üçün ümummilli lider Heydər Əliyev tərəfindən diaspora işləri üzrə xüsusi komitə yaradıldı. Azərbaycan prezidenti çıxışlarının birində “bir millətin iki lobbi təşkilatı olmaz ” dedikdə Türkiyə və Azərbaycanı nəzərdə tuturdu. Yəni Türkiyə, Azərbaycan və Azərbaycan sevərlərin lobbisi yaranmalıdır ki, güclü olaq. Çünki ermənilərdən fərqli olaraq qərb dövlətlərində Azərbaycan lobbiçiliyi dəstəklənmir. Bunun üçün daha çox çalışmalıyıq. Prezident İlham Əliyev bu yaxınlarda çıxışı zamanı “Türk dünyasının böyük bir ailə olması” ilə bağlı səsləndirdiyi fikir tarixi fikir idi. Bu mövqedən çıxış edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin lobbi, diaspora təşkilatları arasında çox intensiv əlaqələr qurulmalı və sinxron fəaliyyət təmin olunmalıdır ki, erməni yalanlarına qarşı haqlı mövqeyimizi müdafiə edə bilək”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun fikrincə, Vətən müharibəsində əldə etdiyimiz qələbə və yaranan yeni reallıq bir çox sahələrdə olduğu kimi, Azərbaycanın diaspora quruculuğu və dünya azərbaycanlılarının lobbiçilik fəaliyyəti qarşısında yeni üfüqlər açıb:

“Xüsusən qələbəmizlə üst-üstə düşən uğurlu enerji siyasəti və cənab İlham Əliyevin Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin vacib həlqəsinə çevirməsindən sonra əminliklə demək olar ki, dünyada Azərbaycana və azərbaycanlılara münasibət köklü şəkildə dəyişib. Biz artıq öz bölgəmizdə hesablaşan yox, hesablaşılan gücə çevrilmişik. Zəngin ehtiyatlara, əvəzolunmaz strateji mövqeyə malik Qafqazda maraqlarını qorumaq istəyən istənilən güc üçün artıq Azərbaycanla anlaşmaq şərtdir. Əlbəttə, bütün bu sadaladıqlarım diaspora və lobbiçilik fəaliyyəti üçün geniş imkanlar deməkdir və xaricdə hər hansı təşkilatını, cəmiyyətini formalaşdıran azərbaycanlı artıq xeyli üstün durumdadır. Yəni, bir sözlə dövlət üzərinə düşəni edib və etməkdədir də. Belə şəraitdə növbə soydaşlarımızdadır. Aydındır ki, hakimiyyət pilləsində yer tutmadan, idarəçiliyə təsir imkanı olmadan lobbiçilikdən danışmaq olmaz”.
Deputatın fikrincə, ilk növbədə xarici ölkə vətəndaşı olan soydaşlarımız mümkün qədər həmin ölkələrdə hakimiyyətdə daha çox təmsil olunmağa çalışmalıdır:
“Bizim üçün hər bir soydaşımız qiymətlidir. Amma hesab edirəm ki, bundan sonra diaspora fəaliyyətinə ayrılan dövlət dəstəyi məhz bu istiqamətə daha çox yönəlməlidir.
İkincisi, nəzərə almalıyıq ki, xaricdə oxumağa gedən tələbə diaspora nümayəndəsi deyil və getdiyi ölkədə müvəqqəti yaşayan vətəndaşımız yalnız bu fəaliyyətə hansısa formada əlavə güc qata bilər. Ona görə də daha asan yol kimi məhz bu tələbələrin imkan və gücündən istifadə bizə istədiyimiz nəticəni verməyəcək. Bu yöndə daha çox həmin tələbələrdən kim xaricdə qalmağı arzu edirsə, onunla sıfırdan iş qurmaq daha effektiv olar. Məsələn, onun təhsilinin davamlılığı, karyerasının həmin ölkədə uğurlu olması üçün davamlı dəstəyin verilməsi və s. Ölkədən beyin axını yaxşı hal deyil, lakin gedənləri də onsuz da saxlaya bilmərik, daha yaxşı olar ki, gedənlər bizdən incik formada yox, vətənə borclu hiss edərək hər an xidmət etməyə hazır formada getsin. Xatırlayırsınızsa, bu il fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumda cənab İlham Əliyev də təqribən oxşar bir mövqe ortaya qoydu və qeyd etdi ki, “İndi bir çox azərbaycanlılar var ki, xaricdə işləyirlər, yaşayırlar. Mən bunu ancaq alqışlayıram. Nə qədər çox olsa, necə deyərlər, bizim adımızı onlar ucaldırlar.” Üçüncüsü, biz Türkiyə, Özbəkistan kimi dövlətlərlə aydındır ki, dil, din, ortaq köklər və strateji maraqlar baxımından demək olar ki, eyni xətdə yürüyürük, bir-birimizi bütün müstəvilərdə müdafiə edirik. Bu ölkələrdə Azərbaycanın diasporasının güclü təsirə malik olması yaxşı haldır, amma etiraf edək ki, bu məsələn, Türkiyədə bizə heç nə vermir. Türkiyə, Özbəkistan elə bizim öz dövlətimizdir. Bizə güclü lobbi fəaliyyəti, hakimiyyət orqanlarında təmsilçilik daha çox münasibətlərimizin bizi qane etmədiyi, yaxud bizə münasibətdə siyasətini dəyişməsini arzu etdiyimiz ölkələr də lazımdır ki, təsir edib nəyisə dəyişək. Məsələn, ABŞ, Fransa, Yunanıstan kimi ölkələrdə güclü erməni diasporunu üstələmək üçün hazırda müstəsna imkan və şərait mövcuddur. Bu baxımdan, səylərimizin məhz qeyd etdiyim istiqamətdə yönləndirilməsinə ciddi ehtiyac var”.
Məsələ ilə bağlı fikir bildirən Milli Məclisin deputatı Vüqar Bayramov isə son illərdə lobbi və diaspor fəaliyyətimizdə inkişaf və genişlənmə müşahidə olunduğunu düşünür:

“Mütəmadi olaraq xaricdə yaşayanlarla görüş keçirilir. Bu istiqamətdə son illərdə daha real addımlar müşahidə edirik. Amma nəzərə almaq lazımdır ki, erməni lobbisi uzun müddətli dövrdə formalaşıb. Xüsusən də ABŞ və Fransa kimi ölkələrdə böyük kapitala malikdir. Bu da onların təsir imkanlarının daha geniş olmasına səbəb olur. Diaspor və lobbi fəaliyyətimizin güclənməsi zaman tələb edən məsələdir. Bu istiqamətdə daha intensiv işlər həyata keçirilməkdədir. Azərbaycana dost olan ölkələrin lobbi təşkilatları ilə daha sıx fəaliyyətin keçirilməsi vacibdir. Qardaş Türkiyə və İsrail ilə əməkdaşlığın gücləndirilməsi də əhəmiyyətli məsələlərdəndir”.
Onun sözlərinə görə, diaspora ayrılan vəsaitin həcminin artırılmasına ehtiyac var: “Xüsusən də xarici ölkələrdə lobbi fəaliyyəti üçün dövlət tərəfindən həm dəstəyin genişləndirilməsi, həm qrantların verilməsi, həm də texniki yardımın həyata keçirilməsi sahəsində vəsaitin artırılması vacibdir. Çünki bunlar Azərbaycan diasporasının daha da inkişaf etməsinə gətirib çıxarda bilər”.
Safura Bənnayeva, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


