“Digər sahələrdə də qiymət artımı ola bilər, su, qaz…”- AÇIQLAMAbackend

“Digər sahələrdə də qiymət artımı ola bilər, su, qaz…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il sosial müavinət, pensiya, minimum əmək haqlarındakı artım ötən ilin yekununa uyğun olan inflyasiya və bahalaşma səviyyəsini kompensasiya edir. Nəzərə alınmalıdır ki, yeni ilin hələ ikinci ayındayıq və sosial artımlar hələ ki, yenicə ödənilməyə başlanılıb. Digər tərəfdən isə ölkəmizdə davam edən bahalaşma və inflyasiya ötən iki ildir davam edir və hazırda proses səngiməyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.


Ekspert nəqliyyatda gediş haqlarındakı qiymət artımına diqqət çəkərək digər sahələrdə də artımların olacağını istisna etməyib:

” İl ərzində elektrik enerjisi, qaz, su və bir sıra yanacaq məhsullarının tarifində müəyyən artımlar qaçılmazdır. Ancaq nəqliyyatda gediş haqlarında qiymətlərin cəmi 10 qəpik artması dövlətin bu barədə ehtiyatlı davrandığını göstərir. Yəni, nəqliyyat sektorunda daşıyıcı şirkətlər qiymətlərin daha çox artmasını tələb edirdilər. daşıyıcıların texniki xidmət xərclərini də 30 faizdən çox artırmışdı. Elə ki, avtobuslara texniki qulluq zamanı istifadə olunan yağlar, materiallar, ehtiyat hissələrinin dəyəri kəskin şəkildə artıb. Belə bir şəraitdə sərnişindaşıma ilə məşğul olan şirkətlərin zərərlə üzləşməsi qaçılmaz idi. Nəqliyyatda gediş haqlarının qiymət artımı keçən ildən gündəmdə idi. Ancaq hökumət keçən ilki bahalaşma və inflyasıyanı nəzərə alaraq buna getmədi. İndi isə artıq başqa çıxış yolu yoxdur. Dövlət tərəfindən nəzarətdə olan mal və məhsulların qiymət artımına baxılıb baxılmıyacağı hələ ki bəlli deyil. Ancaq marketlərdə pandemiyadan sonra start götürən bahalaşma hələ davam edir və edəcək. Keçən il bu artım səngiyə bilərdi. Dünyada baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi hər şeyi alt-üst etdi və enerjidaşıyıcı qiymətlərinin kəllə-çarxa qalxması ilə hər şey bahalaşdı. Bu da Azərbaycana da təbii olaraq öz mənfi təsirlərini göstərdi. Bu il əvvəlindən minimum əmək haqqı və pensiyalarda, eyni zamanda, bütün növ sosial müavinətlərdəki artım hələ ki inflyasiyanın yaratdığı fəsadları kövrək xarakterli də olsa kompensasiya edə biləcək”.

P. Heydərovun sözlərinə görə bahalaşma və inflyasiya tempi davam edəcəksə, ilin ikinci yarısında bir daha yeni sosial paketin icrasına ehtiyac yaranacaq:

“Hökumət inflyasiyaya ciddi yanaşır və əhalinin həssas qrupunun sosial vəziyyətinin bundan nə dərəcədə sığortalanması onun diqqət mərkəzindədir. Ancaq istehlak bazarında qiymətlərə tam olaraq nəzarət etmək mümkün deyil. Çünki ölkəmizdə bir sıra məhsullar idxaldan aslıdır. İnflyasiyanın da böyük bir hissəsi idxalın təsirilə yaranır. Odur ki, bütün bu məsələlər kompleks yanaşma tələb edir. Maaş, pensiya, sosial müavinət artımlarında da istənilən addımı atmaq olmaz. Əks təqdirdə qiymət artımı idarəolunmaz nəzarətsiz hala gəlib çıxar”.

//Gülnarə Abasova, Editor.az