“Azərbaycan vətəndaşları minaların partlaması nəticəsində həlak olurlar. Dövlət başçısı İlham Əliyev də bir neçə dəfə vurğulayıb ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin saxtadır. İşin içində olan prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov də bildirib ki, təqdim edilən xəritələrin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir. Belədirsə, Ermənistanın bizə verdiyi xəritələrin nə əhəmiyyəti var?”.
Editor.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq hesab edir ki, Ermənistan bizə saxta xəritələr təqdim etməklə beynəlxalq təşkilatların bu məsələdə təzyiqindən qurtulmağa və özünü “sülhpərvər” göstərməyə çalışır:
” Ermənistanın əlini niyə gücləndirməliyik ki? Minaları özümüz təmizləyirik, xarici şirkətlər işə cəlb olunub. İş ləng gedir, bu da ərazinin miqyası ilə bağlıdır. Fikrimcə, “diversantların azad olunması əvəzinə mina xəritələri” prinsipindən əl çəkməliyik. Onlar hərbçilərini geri alırlar, biz isə hər dəfə deyinirik ki, “bizə verdikləri növbəti xəritə də saxtadır”. Diversantların təhvil verilməsini sülh sazişi tələbiylə əvəz etməliyik. Başqa sözlə İrəvana mesajmız bu olmalıdır: “Diversantlarının tamamını istəyirsənsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişinə imza at”.
//Gülnarə Abasova, Editor.az

