Acı qovun, qan şəkərini tənzimləyə bilən və eyni zamanda xərçəng hüceyrələrinin böyüməsini əngəlləyə bilən bioaktiv birləşmələr ehtiva edir.
Editor.az xəbər verir ki, bu nəticəyə İmam Abdulrahman bin Faisal Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri Frontiers in Nutrition jurnalında dərc olunub.
Acı qovun, Asiya və Afrika mətbəxində və xalq təbabətində geniş istifadə olunan tropik bitkidir. Meyvəsi uzunlamasına xiyar formasında, xarici səthi isə qabarıq və xarakterik acı dada malikdir.
Tədqiqat zamanı alimlər meyvənin müxtəlif hissələrinin (qabıq, ətli hissə və toxum) həm təzə, həm də qurudulmuş formada kimyəvi tərkibini analiz ediblər. Nəticələr göstərib ki, xüsusilə qabıq bioloji aktiv birləşmələrin ən çox toplandığı hissədir. Qabıqda gallik və rosmarin turşuları kimi fenolik birləşmələr, həmçinin təbii antioksidant resveratrol da mövcuddur.
Laboratoriya təcrübələri göstərib ki, momordica ekstraktları α-amilaz fermentinin fəaliyyətini əngəlləyir. Bu ferment karbohidratların parçalanmasında iştirak edir və qan şəkərinin yüksəlməsinə səbəb olur. Bu isə bitkinin diyabetin idarə olunmasında potensial faydalarını açıqlayır.
Əlavə olaraq, bəzi ekstrakt nümunələri xərçəng hüceyrələrinə qarşı sitotoksik təsir göstərib ki, bu da bitkidəki birləşmələrin antitumor xüsusiyyətlərə malik ola biləcəyini göstərir.
Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticələr laboratoriya şəraitində əldə olunub və bitkinin tibbi təsirlərini təsdiqləmək üçün əlavə heyvan təcrübələri və insan klinik sınaqları tələb olunur.
//Gülnarə Abasova, Editor.az

